Xəbər verildiyi kimi, Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Janna Andreasyan bildirib ki, Ermənistandakı məktəblər üçüncü dil kimi Türk, gürcü və Azərbaycan dillərini tədris edə bilər. Andreasyan vurğulayıb ki, “qonşularımızı tanımalı, öz ölkələrinin maraqlarını anlayan və müdafiə edən insanlar yetişdirməliyik”.
Azərbaycanda da erməni dili tədris edilə bilər? Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, tanınmış siyasi liderlər də təsdiq edirlər ki, düşmənlə mübarizə aparmaq üçün ilk növbədə onun dilini bilmək lazımdır: “Belə ki, SSRİ rəhbəri Stalin II Dünya müharibəsi davam edərkən orta məktəblərdə şagirdlərə alman dilinin tədris olunması ilə bağlı göstəriş vermişdi”.
Ekspert qeyd edib ki, düşmənin dilini bildikdən sonra mübarizə istər-isəməz asanlaşır: “Mübarizə dedikdə isə həm hərbi münaqişələr, həm də media üzərindən informasiya müharibəsi nəzərdə tutulur. Yəni, həm hərbçilər, həm də digər peşələrə yiyələnmiş şəxslər düşmənin dilini bilməklə ona qarşı mübarizəni daha da asanlaşdıra bilərlər. Bununla, düşməni bir növ onun dili ilə vurmaq mümkün olur”. K.Əsədovun sözlərinə görə, dil bilgisini iki qismə ayırmaq mümkündür: “Beynəlxalq dil statusuna sahib olan ingilis, alman, fransız dilləri və region dilləri. Dil bilmək insan dünyagörşünü, biliyini zənginləşdirir. Belə bir ifadə var: "Neçə dil blirsənsə o qədər adamsan". Yəni dil bilmək vacibdir. Biz erməni dilini bilməliyikmi? Erməni dilini kütləvi şəkildə öyrənmək yox, tədris vəsaiti əsasən universitetlərdə, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti akademiyalarında tələbə və müdavimlər üçün və eyni zamanda, erməni dilini öyrənmək istəyənlər müstəqil qaydada seçim etməli, öyrənməlidirlər”. Kamran Əsədov vurğulayıb ki, bu barədə hətta ermənilərdən üç il geri qalmışıq: “Ermənilər üç il əvvəl Azərbaycan dili tədris vəsaiti hazırlayıb və hazırda həmin vəsait universitetlərdə tədris olunur. Azərbaycanda Bakı Dövlət və Slavyan universitetlərində erməni dili tədris edilir, bir neçə il əvvəl Xəzər Universitetində də bu dildən dərs deyilib və tələbələrin dərsə olan marağını müşahidələrimdə görmüşəm. Hazırda mənbə üçün kitab lazımdır. Bu günə qədər Azərbaycanda erməni dili ilə bağlı tədris vəsaiti yazılmayıb, olanlar da ümumi kitablardır . Düşmənimizin dilini öyrənmək, əlbəttə vacibdir. İstər dövlətin təhlükəsizliyi, istərsə də tarix elminə yeni yanaşma baxımından erməni dilini bilmək lazımdır”.
Aytac Aslan















