Türk dünyası ölkələrinin ortaq əlifbasının yaradılmasından sonra Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ortaq himninin və ortaq valyutasının yaradılması da müzakirə olunur.
Maraqlıdır, türk dünyası üçün ortaq pul vahidi yaradıla bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, belə bir ideyanın özünün olması və bu haqda düşünməyə vadar etməsi yaxşı xəbər olsa da, bu, həddindən artıq çətin bir prosesdir.
N.Cəfərli qeyd edib ki, vahid valyutanın olması üçün iqtisadiyyatların da bir-birinə çox ciddi şəkildə inteqrasiya olmasına ehtiyac var:
Natiq Cəfərli: Ortaq valyutanın yaradılması uzun zaman alacaq
“Bu gün Türk Dövlətləri Birliyinə daxil olan ölkələrin ticarət dövriyyəsinə baxdıqda Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi kifayət qədər yüksək səviyyədədir. Amma digər ölkələrdə elə deyil”.
Digər ölkələrin, əsasən də Orta Asiya ölkələrinin əsas ticarət tərəfdaşının Rusiya və Çin olduğunu deyən iqtisadçı nəzərə çatıdırıb ki, vahid valyutanın formalaşması üçün ümumi iqtisadi məkanın fomalaşmasına da ehtiyac var:
“Bu da çox uzun zaman alacaq bir prosesdir. Bununla bağlı fəaliyyət göstərməyi düşünmək olar. Orta və uzunmüddətli planlar hazırlanmalıdır. Amma asan başa gələcək bir məsələ də deyil”.
Mina Mikayılova