• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

“Pənah Hüseyn “TikTok”da məşhur olsaydı, ona da yer verərdilər”- SORĞU

CƏMİYYƏT

16 May 2022 | 16:28

“Pənah Hüseyn “TikTok”da məşhur olsaydı, ona da yer verərdilər”- SORĞU

Bu günlərdə sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin diqqətçəkən görüntüsü yayılıb.Metroda lentə alınan fotoda keçmiş baş nazirin ayaq üstə qalması, gənclərin əyləşmək üçün ona yer verməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bir çoxları hesab edir ki, gənclər Pənah Hüseynin kim olduğunu belə bilmirlər. Pənah Hüseyn məsələ ilə bağlı açıqlamasında gündəlik ictimai nəqliyyatdan istifadə etdiyini deyərək, gənclərin yer verməməsini normal hal kimi qəbul etdiyini söyləyib.

Bəs digər partiyaların sədrləri necə, ictimai nəqliyyatdan istifadə edirlərmi?

Bakıvaxtı.az bu barədə onlar arasında sorğu keçirib.

Ümid Partiyasının sədri İqbal Ağazadə: “Mən şəxsi avtomobillə hərəkət edirəm deyə, ictimai nəqliyyatdan istifadə etmirəm. Lakin qeyd edim ki, böyüklərə tanınıb-tanınmamasına görə yox, yaşına görə yer vermək lazımdır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Mənim öz maşınım var. Maşından istifadə etmədiyim vaxtlarda işə piyada gedib-gəlirəm. Ona görə də ictimai nəqliyyatdan istifadə etmirəm.Gənclər Pənah bəyə ictimai nəqliyyatda vəzifəsinə görə yox, yaşına görə yer verməli idi.Hər bir halda bu, ordakı gənclərin mədəniyyətsizliyini bildirir”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa: “İctimai nəqliyyatdan yox, ayaq nəqliyyatından istifadə edirəm. Yəni əsasən, piyada gəzməyə üstünlük verirəm.Lakin belə problem də yaşamıram.Əksər insanlar məni tanıyıb gəlib şəkil çəkdirir. Dünən Sumqayıtda kitab sərgisinə getmişdim, bəlkə 60-a yaxın adam gəlib mənlə şəkil çəkdirdi (gülür). Yəni, tanınmaq məsələsində problemim yoxdur.Lakin ictimai nəqliyyatdan vaxt baxımından istifadə etmək imkanım olur.Ümumiyyətlə, yaşlı insanlara yer vermək kimi ənənə Avropada yoxdur.Təbii ki, yer versələr, yaxşı olar.Lakin insanların yer vermək mədəniyyəti olduğu kimi, verməmək kimi hüquqları da var”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli: “Niyəsə bizim ölkədə belə bir kompleks var ki, məmur ictimai nəqliyyatdan istifadə edə bilməz. Avropada siyasətçilər, məmurlar gündəlik velosipeddən, ictimai nəqliyyatdan istifadə edirlər.Hətta Sovet dönəmində müşahidə etmişdim ki, generallar, polkovniklər avtobusda, metroda gəzirdi.Bizdə təəssüf ki, buna birtəhər baxırlar.Mənim partiyamın ofisi evimdən uzaqda yerləşdiyinə görə, mütəmadi avtobusdan istifadə edirdim.Maşınım düzələndən sonra ictimai nəqliyyatdan hərdən bir istifadə edirəm, buna dapis baxmıram.Belə olduğu halda, biz cəmiyyətdən uzaq olmadığımızı da nümayiş etmiş oluruq”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: “Çox nadir hallarda metrodan istifadə edirəm, lakin belə hallarla rastlaşmamışam. Digər vaxtlarda isə mən maşınla hərəkət edirəm.Əlbəttə, təəssüf edirəm ki, gənclər ictimai nəqliyyatda yaşlılara yer vermir.Arzu edirəm ki, bizim yaşlılara, xanımlara hörmət ənənəmiz həmişə davam etdirilsin”.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev: “Pənah Hüseynin ictimai nəqliyyatdan istifadə etdiyini bilirdim. Bir neçə dəfə biz onunla debatlarda olmuşuq, mən onu öz avtomobilimlə lazımı yerə çatdırmışam.Mən də ictimai nəqliyyatdan istifadə edirəm, metro kartım da var. Lakin ictimai nəqliyyatdan tez-tez istifadə edirəm desəm, yalan olar. Buna baxmayaraq, həyatımın 25 ilini metroda, ictimai nəqliyyatda gəzmişəm. Mən həmişə ictimai nəqliyyatdan istifadə edəcəm. Bu, həm də ona görə lazımdır ki, insanların yaşayışı ilə yaxından tanış olursan. Bu, millət vəkili üçün çox vacib məsələdir.

Pənah Hüseynə yer verilməməsi ilə bağlı onu deyə bilərəm ki, onu orda tanısaydılar, inanıram ki, yer verərdilər. Pənah Hüseyni orta nəsil nümayəndələri daha yaxşı tanıyır.Gənc nəsil indi başını aşağı salıb telefona baxır, heç kimin üzünü görmür, buna görə də kimisə tanımaq imkanları da olmur.Bunun özü də zamanımızın bizə gətirdiyi yenilikdir.Mən bunu doğru hesab etmirəm.Böyüyə, xanıma yer vermək bizim ən gözəl ənənələrimizdəndir.Arzu edirəm ki, gənclərimiz bu ənənənin qorunmasında yaxından iştirak etsinlər”.

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli: “İctimai nəqliyyatdan nadir hallarda istifadə edirəm. Yəni, ictimai nəqliyyatda gənc nəslin yaşlı nəsilə yer verməməsi ilə rastlaşmamışam. O ki qaldı partiya sədrinə yer vermək məsələsinə, Avropa ölkələrində baş nazirlər və digər məmurlar ictimai nəqliyyatdan gündəlik istifadə edirlər və onlara da kimsə qalxıb yer vermir. Məncə, şişirtməyək bu məsələni”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Mən də çox vaxt ictimai nəqliyyatdan istifadə edirəm. Sevinirəm ki, ictimai nəqliyyatda olanda insanların yüksək hörməti ilə qarşılaşıram, oturmağa dəvət edirlər, müəyyən məsələləri soruşurlar.Bu, sevindirici və qürurverici haldır ki, Azərbaycan ictimaiyyəti ona xidmət edən siyasi partiya rəhbərlərini tanıyır.İndi Pənah bəyi niyə tanımayıblar, mənə maraqlıdır.Ümumiyyətlə, bizim gənclərin əksəriyyəti siyasətə maraqsızdır.Pənah bəy keçmiş baş nazir olub, ən azından buna görə onu tanıyaydılar.Lakin mən bu halla raqstlaşmamışam.Nə vaxt ictimai nəqliyyatda olmuşamsa, hörmətlə qarşılaşmışam.Ümumiyyətlə, Pənah bəy partiyasını canlandırsa, yaxşı olar.Görünür, Pənah bəy son günlər liberal danışıqları ilə ictimaiyyətdə qıcıq doğurur. Buna görə də, acıqla ona yer verməmiş ola bilərlər. Hesab edirəm, Pənah bəydən sonra, heç olmasa 5-10 nəfər olmalıdır ki, partiyanın təbliği və təşkili ilə məşğul olsun.Bizim Pənah bəyə böyük hörmətimiz var. Biz ona öz baş nazirimiz kimi münasibət göstəririk.Gənclərimiz gərək öz keçmişinə böyük hörmətlə yanaşaydı.Hesab edirəm ki, Pənah bəy, ümumiyyətlə, ictimai nəqliyyatda gəzməməli idi. O, baş nazir, dövlət katibi olub. Hazırda media rəhbərlərinin belə özəl sürücüləri var, otuz minlik maşınlarda gəzirlər. Pənah bəy xırda adam olmayıb ki, o, uğurlu siyasətçidir”.

“Ağ Partiyası”nın sədri Tural Abbaslı: “Biz milli-mənəvi dəyərlərə bağlı xalq olmuşuq. Sadəcə olaraq, Avropanın kosmopolit dəyərləri bizdə də hökmranlıq etməyə çalışır. Gənclərin Pənah bəyi tanımamalrı, bəlkə də təbiidir. Pənah bəy uzun illərin siyasətçisi olsa da, daha çox 90-cı illərdə aktiv idi. İndiki orta nəslin nümayəndələri Pənah bəyi daha yaxşı tanıyır. Pənah bəyin hansısa deyimi indi “Tik-Tok”da, “Instagram”da trendə düşmürsə, gənclərin onu tanıması çətindir. Lakin hər halda, gənclərin yaşlı adama yer verməməsi ədəbsizlikdir. Bu, bizim milli dəyərimiz, mədəniyyətimizdir. Mən ictimai nəqliyyatdan az istifadə edirəm. Taksi qiymətlərinin aşağı olması mənə ictimai nəqliyyatdan istifadə etməməyə imkan verir. İndi mən Pənah bəydən fərqli olaraq, “Tik-Tok”da tanınıram deyə, insanlar ictimai nəqliyyatda yaxınlaşırlar, söhbət edirlər. Mən özümdən yaşca böyük olan (az və ya çox fərq etmir) xanım görəndə ona yer verirəm. İstənilən halda milli-mənəvi dəyərlərimizin yaşadılmasının tərəfdarıyam”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026