• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Polis kimdir? - İqbal Alısoy yazır

CƏMİYYƏT

02 Iyul 2024 | 12:37

Polis kimdir? - İqbal Alısoy yazır

Azərbaycandakı ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Bu sabitliyin əldə olunması isə heç də asan başa gəlməyib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. O dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu olmadığından, ön cəbhədə torpaq uğrunda polis vuruşur, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə mübarizə aparan da polis idi.

Hakimiyyət uğrunda gedən mübarizə ölkədə vətəndaş qarşıdurması yaratmışdı. Xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü respublikanı uçuruma sürükləyirdi. Dövlətçilik, müstəqillik təhlükə altında qalmişdı. Belə bir məqamda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi.

Həyata keçirilən intensiv tədbirlərdən biri də hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi.

Və qısa müddət ərzində ulu öndərin şəxsi nəzarəti ilə bu vəzifələr reallığa çevrildi.

Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı.

Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü.

Sabitliyin bərqərar edilməsi isə, öz növbəsində, islahatların aparılmasına, iqtisadiyyatın bərpasına, inkişafına əlverişli zəmin yaratdı.

Lakin ölkədə sabitliyin hökm sürməsi göstərdi ki, milli maraqlarımızın xaricdəki düşmənlərlə yanaşı, daxildə olan düşmənlərimizi də narahat edirdi. Odur ki, onlar nəyin bahasına olursa olsun, Azərbaycanı bu yoldan döndərmək üçün müxtəlif vasitələrə əl ataraq, ölkədəki mövcud ictima-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəni müstəqil inkişaf yolundan döndərmək istəyirdilər. Ancaq ümummilli liderin zəkasının gücü, xalqın əzmi silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinin qarşısını aldı, bununla da müstəqilliyimiz qorunub saxlanıldı.

Ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi.

Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu öndər 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanları göstərən, tövsiyələrini verən Heydər Əliyev “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram” deyərək, Azərbaycan polisinə inamını göstərdi.

Bu gün cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Bu gün Azərbaycan polisi Prezidentin arzuladığı kimi, Vətənə ləyaqətlə xidmət edir, ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında iştirak edir.

Polis ictimai qaydanı qoruyur, ictimai təhlükəsizliyi təmin edir.

Polis cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görür.

Polis şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qoruyur.

Polis dövlət idarələrini və digər obyektləri mühafizə edir.

Polis yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət edir

Polis yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür.

Azərbaycan Polisinin yaradılmasından 106 il ötür. 106 yaşın mübarək, Azərbaycan Polisi.

İqbal Alısoy
Bakıvaxtı.az Xəbər Portalının təsisçisi


SON XƏBƏRLƏR