Baş nazir Əli Əsədov Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsində bildirib ki, yoluxmanın artması ciddi təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Əgər yoluxmanın artacağı təqdirdə yenidən qapanma olarsa, bu, ölkə iqtisadiyyatına hansı təsirləri göstərəcək?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Bakıvaxtı.az-a bildirib ki, istənilən qapanma iqtisadiyyata öz mənfi təsirini göstərir: “Biz bu iki il ərzində bunun şahidi olduq. Qapanma dövlət büdcəsinə az vəsait daxil olmasına gətirib çıxarır, müəyyən problemlər yaradır. Çalışmalıyıq ki, qapanma olmasın, məhdudiyyətlər elə indiki səviyyədə qalsın”.

Deputat qeyd edib ki, insanlar qapanmanın olmaması üçün karantin şərtlərinə əməl etməlidir: “Mən şəhərdə görürəm ki, heç kim maskadan istifadə etmir. Toy mərasimlərində məsafəni qorumurlar, maskadan istifadə etmirlər. Məclis 150 nəfərdən ibarət olmalıdır, lakin adam var ki, toyuna 300-500 adam çağırır. Yoluxma 38-40 nəfərə düşmüşdü, 250-yə qalxdı. Qapanma olanda birinci xalqın özünə mənfi təsir göstərir, gəlirləri azalır, sonra isə dövlət büdcəsinə. Mən belə düşünürəm ki, qapanmaya getməyə ehtiyac yoxdu. Çünki dövlət büdcəsində vəsait artmalıdır ki, Qarabağda da müəyyən işlər görülə bilsin. Qapanmanın əvəzinə monitorinqləri gücləndirmək lazımdır”.
İqtisadçı ekspert Natiq Cəfərli dünyada qapanmaya münasibətin dəyişdiyini bildirib: “Azərbaycanda da bu münasibət dəyişməlidir. Dünya ölkələrinin çoxu yoluxmanın artmasına baxmayaraq qapanmaya getmədi. Elə qonşu Rusiya pandemiya başlayandan bu yana tarixi maksimumu yaşadı, yoluxma halı 25-30 minə çatdı. Lakin Rusiyada qapanmalar olmadı. Həmçinin Britaniyada da yoluxmanın artmasına baxmayaraq, hətta demək olar ki, bütün məhdudiyyətlər aradan qaldırıldı. Bəli, sanitar-epidemioloji təhlükəsizlik qaydalarına əməl edilməsi vacibdir, amma bu, o demək deyil ki, Azərbaycanda yenidən qapanmaya getmək mümkün olsun”.

Ekspert bildirib ki, Azərbaycan iqtisadiyyatı yeni-yeni özünə gəlir: “Keçən il 4.3 % ÜDM-in (red. Ümumi Daxili Məhsul) azalması olmuşdu. Mart ayından başlayaraq ÜDM-də pozitiv dinamika var, indi 2 %-ə yaxınlaşıb. Təbii ki, bu, çox az göstəricidir, amma yenə də hər halda azalmadan artıma keçmişik. Artıq insanların gəlirlərində müəyyən artım müşahidə olunur, az da olsa canlama var. İndi yenidən qapanmaya getsək, Azərbaycanda sosial-iqtisadi vəziyyət daha da ağırlaşa bilər”.
“Toy özü də böyük biznesdir. Toylara qadağa qoyulmasına da, hesab edirəm ki, ehtiyac yoxdur. Sadəcə qoyulan məhdudiyyətlərə əməl etmək lazımdır, dövlət qurumları nəzarəti daha da gücləndirməlidir. Mən düşünürəm ki, toyların açıq havada keçirilməsində heç bir problem yoxdur. Dünyada yoluxma halının öz xəritəsi var. Yəni şəxs virusa harda və necə yoluxub analiz edilir. Mən indiyə qədər hələ Operativ Qərargahdan bununla bağlı detallı bir məlumat eşitməmişəm. Məsələn, bu gün 200 nəfərdə yoluxma varsa, bu 200 nəfərin harda yoluxması analiz edilmir. Yəni yoluxan şəxslər daha çox toydamı, restorandamı, ticarət mərkəzindəmi yoluxub bilinmir. Analiz edilmədən hansısa sahədə məhdudiyyət tətbiq etmək nə dərəcədə düzgündür?! Virusun ilk yayıldığı mart-aprel aylarında qapanmalar normal idi, çünki tədbirlər görülməli idi. Qapanma virusdan qorunmaq üçün deyil, tədbir görülməsi üçün idi. İl yarımdan çoxdur ki, bu virus davam edir. Azərbaycan hökuməti buna hazır olmalı idi, qapanmaya ehtiyac duyulmamalıdır”.
Nuranə Daxilqızı
















