• Bakı 19° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Avropa Liqası: "Qarabağ" daha bir tarix yazdı- YENİLƏNİB

İDMAN

23 Fevral 2024 | 00:24

Avropa Liqası: Qarabağ daha bir tarix yazdı- YENİLƏNİB

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.

Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.

Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə “Qarabağ” meydançada azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb. “Braqa” 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.

Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.

102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.

Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.

Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.

00:14

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda daha bir qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qonaq komanda fərqlənib.

115-ci dəqiqədə Simon Banza penaltidən vurduğu qolla komandasını 3:1 hesabı ilə önə keçirib. Ümumi hesab isə 5:5-dir.

23:57

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə meydan sahibləri fərqləniblər.
102-ci dəqiqədə Mateuş Silva vurduğu qolla hesabı 1:2 edib.

Ümumi hesabda isə “Qarabağ” 5:4 önə keçib.

23:40

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda 90 dəqiqə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qonaq komanda əsas vaxtı 2:0 hesabı ilə öndə tamamlayıb.

İlk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazandığından, ümumi hesab bərabərləşib – 4:4. Bu səbəbdən oyunda 30 dəqiqəlik əlavə vaxt oynanılacaq.

23:31

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə qonaqlar rəqibi cəzalandırıblar.

83-cü dəqiqədə Alvaro Calo adını tabloya yazdırıb. “Braqa” 2:0 hesabı ilə öndədir.

23:20

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 70-ci dəqiqəsində qonaqlar qol sevinci yaşayıblar.

“Braqa”nın heyətində Rocer Fernandes fərqlənib.

23:06

Matçın 56-cı dəqiqəsində “Qarabağ” azlıqda qalır. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılır.

Hazırda oyunda qol vurulmayıb - 0:0.

22:50

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, birinci hissədən sonra hesab açılmayıb - 0:0.

22:38

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə komandalar fasiləyə yollanıblar.

Birinci hissədən sonra hesab açılmayıb - 0:0.

21:46

Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında cavab oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma saat 21:45-də start götürüb.

Matçın baş hakimi bolqarıstanlı FIFA referisi Georgi Kabakovdur.

21:12

Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Portuqaliyanın “Braqa” klubunun start heyətləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar meydançaya aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.

“Braqa”: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.


SON XƏBƏRLƏR