“Azərbaycanın təmsil olunduğu stendlərdə bəzi turizm şirkətləri Qarabağı işğaldan azad olunan ərazi kimi təqdim edirlər. Bu yanlış yanaşmadır. Qarabağ yeni kəşf olunmuş turizm məkanı kimi təqdim olunmalıdır. Turistlər təhlükəsizliyə önəm verdiyi üçün turizm şirkətləri bunu nəzərə almalıdırlar”.
Bunu Bakıvaxtı.az-a turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov bildirib.
Ekspert qeyd edib ki, Qarabağın turizmlə bağlı hekayəsində onun təbiəti, mətbəxi və dağıdılmış olsa da, tarixi abidələri haqqında məlumat verilməli, video-çarx hazırlanmalıdır: “Qarabağdan şəkillər çəkilməli və paylaşılmalıdır. Turizm hazırda elə bir mərhələdədir ki, real potensialından daha çox onun təbliğatı əsas rol oynayır. Qarabağın çox geniş turizm potensialı var. Təbii ki, Azərbaycanda turizmin inkişafına böyük töhfələr verə bilər. Bunun üçün turizm planında olan hər bir detal mükəmməl şəkildə reklam olunmalıdır. Reklamda Qarabağın ayrı-ayrı rayonlarına deyil, detallarına önəm verilməlidir. Detalların hər biri üçün hekayə qurulmalıdır. Məsələn, Qarabağın mətbəxi ayrıca bir hekayə kimi təqdim olunmalıdır”.
Ramid İbrahimov
















