“Qızılcanın yayılması peyvəndlərin olunmamasının nəticəsidir”.
Bunu Bakıvaxtı.az-a infeksionist Mərdan Əliyev son günlər ölkədə qızılcaya yoluxma sayının artmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, valideynlər tərəfindən peyvəndə biganə yanaşılması buna gətirib çıxarır: “Qızılca peyvəndi uşaqların rutin peyvəndləri arasında var. Yəni anadan olandan 3 yaşına qədər 2 aydan bir vaxtaşırı müəyyən peyvəndlər olur”.
Həkim qeyd edib ki, o peyvəndlərin içində qızılca xəstəliyi və digər təhlükəli infeksiyalar var.
“Bu uşaqlarda adıçəkilən peyvəndlərin heç biri olunmayıb. Ona görə də, qızılca xəstəliyinin yayılmasının şahidi oluruq”, - deyə Mərdan Əliyev bildirib.
Qeyd edək ki, son günlər orta və ali təhsil müəssisələrində sürətlə yayılan qızılca cəmiyyət arasında böyük narahatlığa səbəb olub. Xüsusilə məktəblərdə kütləvi qızılcaya yoluxma halları baş verir. Ötən həftə 4 yaşlı uşağın qızılcaya yoluxaraq ölməsi insanları daha da təşvişə salıb. Dünyasını dəyişən azyaşlının qızılcaya qarşı peyvənd olunmadığı məlum olub.
TƏBİB-dən verilən məlumata görə, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir.
Aytac Aslan
















