Xəbər verdiyimiz kimi, pandemiya ilə bağlı olan daha bir məhdudiyyət, COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) ilə bağlı bəzi tələblər ləğv edilib.
Bakıvaxtı.az xatırladır ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, aşağıdakı hallarda COVID-19 pasportu tələbi ləğv edilir:
- xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;
- müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri,
mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.
Demək olar, məhdudiyyətlərin çoxu aradan qalxıb. Bununla belə quru sərhədlər hələ də bağlıdır.

Vüqar Bayramov: Quru sərhədlərinin açılması müzakirə edilən məsələlərdəndir
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, quru sərhədlərinin açılması məsələsi hazırda müzakirə edilən məsələlərdəndir:
“Nəzərə alsaq ki, quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi. Karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qaldırılıb. Bu baxımdan, bizim də təklifimiz ondan ibarətdir ki, Operativ Qərargah tərəfindən, xüsusən qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul edilsin”.
Müsahibimiz deyib ki, bir sıra ölkələrdə, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda praktik olaraq epidemioloji vəziyyət nəzarət ediləcək həddədir:
“Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilər”.
Onun sözlərinə görə, Türkiyədən gəlməklə bağlı isə hər hansı bir məhdudiyyət yoxdur:
“Bizim təklifimiz də ondan ibarətdir ki, Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin açılması ilə bağlı qərar verilsin. Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı”.

Natiq Cəfərli: Bu məsələnin may ayının 1-dən həllini tapacağına ümid edirik
İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sərhədlərin qapalı qalması artıq koronavirusla izah oluna bilməz:
“Bu, COVİD-19 məsələsi də deyil, dünya da çoxdan pandemiya gündəmindən çıxıb. Demək olar, dünyada quru sərhədlərini bağlı saxlayan ölkə qalmayıb. Ona görə də, quru sərhədlərlə bağlı məsələ həllini tapmalıdır”.
Ekspert may ayının 1-dən bu məsələnin həllini tapacağına ümid edir:
“Artıq rəsmi şəxslərin, qurumların COVİD-19-la izah edərək quru sərhədləri bağlı saxlaması mümkün deyil”.
Həmsöhbətimiz vurğulayıb ki, Nazirlər Kabinetinin son qərarında koronavirusla bağlı bir çox məhdudiyyətlər aradan qaldırılıb:
“Hesab edirəm ki, bunlar mənasız məhdudiyyətlər idi, onlar da aradan qaldırıldı. Hazırda koronavirusla bağlı yeganə məhdudiyyət sərhəd məsələsidir”.
Aytac Aslan
















