• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rayon turlarına çıxanlar niyə sığortalanmır?

CƏMİYYƏT

13 Iyun 2022 | 13:33 | Müəllif: Qalib İbrahimoğlu

Rayon turlarına çıxanlar niyə sığortalanmır?

Havaların isinməsi ilə birlikdə hər kəs istirahət planları qurur, əyləncəli vaxt keçirmək üçün Azərbaycanın səfalı yerlərinə baş çəkmək istəyir. Əksəriyyət vaxtı daha maraqlı kemirmək ümün rayonlara öz maşınları ilə yox, turlarla gedirlər.

Ancaq təəssüf ki, turların sonu hər zaman xoşbəxt bitmir. Elə təkcə ötən gün baş verən qəza bunu deməyə əsas verir.

Qəzalardan biri ötən gün saat 23:00 radələrində baş verib. Üzərinə Bakı-Tovuz-Qazax-Qırmızı Körpü yazılmış 90-NL-949 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Hadisə zamanı Qəbələdən Bakıya gedən və içərisində 55 sərnişinin olduğu avtobusda 6 nəfər xəsarət alıb.Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Digər qəza da elə həmin saatlarda məktəblilərin getdiyi turda baş verib. Hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb. Qəza nəticəsində xəsarət alan şəxslərdən 2 nəfər hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində müalicə alır. TƏBİB-dən verilən məlumata görə, vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, incik sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat olunacaq.

Ağır qəzada xəsarət alan 279 nömrəli məktəbin şagirdlərinin valideynləri ilə tur şirkəti arasında insident olub. İnsidentə tur şirkətinin şagirdlərin müayinəsi üçün lazım olan ödənişi etməməsi səbəb olub.

Sual ortaya çıxır, şirkət bu ödənişi ödəməlidirmi? Ümumiyyətlə, tur təşkil edilərkən sərnişinlərin təhlükəsizliyi necə sığortalanmalıdır?

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Bakıvaxtı.az-a bildirib ki, hazırda normativ hüquqi aktlara görə, turistlərin sığortalanması könüllü xarakter daşıyır: “Yeni qəbul edilmiş qanunla mülki məsuliyyət sığortası məcburi hal daşıyacaq. Onun alt sənədləri hazırlanır ki, bu mexanizm icra edilə bilsin”.

Onun sözlərinə görə, digər tərəfdən, yol qəzaları sığorta şirkətləri tərəfindən xüsusi hal kimi qeydə alınır. Bu, turistlik sığortaya daxil edilməyə də bilər: “Bu, artıq turizm şirkətləri ilə turist sığorta şirkətlərinin arasında olan razılaşmanın əsasında tənzimlənəcək. Digər tərəfdən, turizm sahəsində 2015-ci ildən lisenziyalar ləğv edilib. Bununla bağlı turizm şirkətlərinin fəaliyyəti tam sərbəstdir”.

Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Eldar Dərgahovun Bakıvaxtı.az-a dediyinə görə, sığorta istər daxili, istərsə də, xaricə səyahət edənlər üçün mütləq amildir: “Hətta bəzi ölkələr var ki, onlara viza müraciəti etdiyimiz zaman mütləq qaydada sığorta tələbi təqdim olunacaq sənədlər içərisində olur. Bu sığorta minumum 30 min avroya qədər olmalıdır. Bu sığorta məbləği bir nəfər üçün, hardasa, 15-20 dollar civarında olur”.

E.Dərgahov bildirib ki, daxili turlarda da, əlbəttə, sığorta paketi mövcuddur, amma buna maraq olmadığından dolayı müştəriyə təqdim edilmir: “Və yaxud da müştərinin marağı olmadığına görə, tur proqramı 19-20 manat, sığorta paketi isə 3-4 manatdırsa, müştəri bu məbləği ödəməkdən yan keçir. Proqramı tərtib edən şirkətlər də bu tələbi, sığorta şəhadətnaməsini təqdim etmirlər. Təqdim etmədiyi zaman istər-istəməz sığorta paketi olmadığından baş vermiş hadisələrə görə məsuliyyət qonağın üzərində qalır. Yəni, baş vermiş hadisəyə görə çəkilən xərcləri qonaq özü qarşılayır”.

Müsahibimiz qeyd edib ki, sığorta olduqda isə xərcləri sığorta şirkəti qarşılayır: “Sadəcə olaraq bu gün buna marağın az olmağı sırf ondan irəli gəlir ki, birgünlük proqramda sığortanın qiyməti 3-4 manatdır. Heç kim də bu pulu ödəmək istəmir. Amma hadisə baş verdikdən sonra bu məsələ sosiallaşır, böyüyür, müştəri xərci şirkətdən və yaxud oteldən tələb edir, ancaq heç kəs də bu məsuliyyəti üzərinə götürmək istəmir. Sığorta olduqda baş vermiş hər hansı qəzadan tutmuş sərnişinin aldığı xəsarətlərə qədər, hətta onun itmiş əşyasına qədər hamısının xərclərini sığorta şirkəti öz üzərinə götürür”.

Şirkət rəhbəri hesab edir ki, bu gün bu məsələ ictimailəşdirildiyi üçün artıq daxili turlarda da müəyyən qurumlar tələb qoysunlar ki, mütləq qaydada hər kəs sığortalanmalıdır, sığortalanmadığı təqdirdə şirkətlər cərimələnəcəkdir. Onun sözlərinə görə, belə olduğu halda, hər kəs tur paketə sığortanı da əlavə edəcək və yarana biləcək təhlükədən müştərisini qorumuş olacaq.

Azərbaycan Vəkillər Kolleqiyasının üzvü, vəkil Turan Abdullazadə Bakıvaxtı.az-a bildirib ki, icbari həyat sığortası adətən işəgötürənlər üçün nəzərdə tutulmaqla istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm, istehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmaq məqsədi daşıyır: “İcbari həyat sığortası kimi tanınan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növündən başqa qalan hallarda həyat sığortası könüllü xarakter daşıyır. Yəni, qeyd etdiyiniz halda avtobusdakı insanların kütləvi şəkildə həyat təhlükəsizliyinin sığortalanmasından söhbət gedə bilməz. Bu hüququnu hər bir vətəndaş özü müstəqil qaydada həyata keçirə bilər. Avtobusların mülki icbari sığortası üzrə isə zərərlilik həddən artıq böyük olduğu üçün sığorta şirkətləri avtobusları sığortalamaqda elə də maraqlı deyillər. Belə ki, avtobuslar çoxsaylı qəzalar törədirlər. Əksər hallarda da qəzalar onların sürücülərinin günahı üzündən baş verdiyinə görə, ödənişlərin həcmi də böyük olur”.

Hüquqşünas qeyd edib ki, Cinayət Məcəlləsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər: “Yəni, Cinayət Məcəlləsində kollektiv məsuliyyət deyə bir anlayış yoxdur. Hər bir şəxs törətdiyi əmələ görə fərdi qaydada məsuliyyət daşıyır. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

T.Abdullazadə vurğulaylb ki, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “Eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə Mülki Məcəlləyə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Eyni zamanda sağlamlığına zərər vurulmuş şəxslər tərəflər arasında razılıq olmazsa, onlara dəymiş maddi ziyanın (zərərin) əvəzini yol nəqliyyat hadisəsini törətmiş sürücünün işlədiyi şirkətdən məhkəmə qaydasında tələb edə bilərlər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026