“Rəqəmsal bankçılıqda uzun illər davam edən problemlərin çox hissəsi həll edilməyib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib.
V Beynəlxalq Bankçılıq Forumunun keçirildiyini deyən O.Gündüzün sözlərinə görə, ötən illərdə sektorda müəyyən irəliləyişlər olsa da əvvəlki Forumlar zamanı müzakirə olunan problemlərin demək olar ki, heç biri həll edilməyib. AİF-in prezidenti bildirib ki, “Ödəniş sistemləri və ödəniş xidmətləri haqında” qanun layihəsi 8 ildir ortalıqda gəzir, hələ də müzakirəyə təqdim edilməyib: “Hər Forumda "Hazırlanıb başa çatmaqda olduğu" bildirilirsə də, maraq toqquşmaları bu qanunun qəbuluna imkan vermir”.
Onun dediyinə görə, ölkədə açıq bankçılıq yoxdur: “Azərbaycanda yalnız 1 bank APİ xidməti verir və açıq bankçılıq prinsipi ilə fəaliyyətə başlayıb”.
PayPal, Revolute, Strike və s. bu tip qlobal ödəniş sistemləri hələlik ölkəyə buraxılmayıb. Xarici ödənişlərin əldə olunmasında ciddi problemlərin qaldığını xatırladan O.Gündüz bildirib ki, YouTube və digər sosial media platformalarında pul qazananlar vəsaiti əldə etməkdə zülüm çəkirlər: “Google AdSens ilə bağlı problemlər öz həllini tapmayıb. Bəzi hallarda bu tip vəsaitlər ümumiyyətlə qəbul edilmir və geri qaytarılır. Maliyyə-bank sektorundakı konservativ mühit , Mərkəzi Bankın üstün mövqeyi əldən vermək istəməməsi rəqəmsallaşmaya mane olur Nağdlaşmaya tətbiq edilən 1% məsələsi də əlavə məhdudiyyətlər yaradır, rəqəmsallaşmaya mane olur və s.”
Bir müddət əvvəl əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda rəqəmsal manatın yaradılmasına münasibət bildirərkən, "sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır" demişdi. AİF prezidentinin sözlərinə görə, müşahidələr göstərir ki, qatar çoxdan yola düşüb və hələlik Mərkəzi Bank həmin qatarda görünmür.
“Rəqəmsal manatdan öncə həll olunacaq problemlər hədsiz çoxdur” – deyə, Osman Gündüz bildirib.
Nuranə Daxilqızı
















