"Ölkədə bir neçə istiqamətdə islahat aparılmalıdır. Bunlardan biri də kommunal sferadır".
Bakıvaxtı.az xəbər verir ki, bunu ictimai-siyasi xadim Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, bu sahədə islahatların aparılması çox ciddi problemlərə gətirəcək deyə illərlə uzanıb gedir: "Nəticədə problem daha da dərinləşir. Məsələn, köhnə çoxmənzilli yaşayış binalarının idarəçiliyinin mənzil mülkiyyətçilərinin idarəçiliyə ötürülməsi (əslində Mənzil Məcəlləsinə görə məhz belə olmalıdır) ona gətirəcək ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti binanı idarə edə bilməsin. Yəni, binanın ümumi istifadə yerləri (dam, bliklar, zirzəmi, fasad, lift, işıqlandırma, zibilin daşınması, həyətin abadlığı və s.) üçün tələb olunan xərcləri ödəmək mümkün olmayacaq".
S.Məmmədov qeyd edib ki, indi mülkiyyətçilər MİS-lərə illlik 20-30 manat verir (onu da hamı vermir) və hər şeyi də onlardan tələb edir: "Halbuki bu vəsait zibil daşımağa güclə bəs edir. Yerli hakimiyyət bu binaların idarəçiliyindən imtina etsə, xərclər ən azı 15-20 dəfə artacaq və mənzil mülkiyyətçiləri bu xərcləri qarşılaya bilməyəcək. Bu, kommunal islahatın aparılmasına mane olan onlarla səbəblərdən biridir".
Aytac Aslan
















