Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi və Silahlı Qüvvələrin hərbi attaşelik aparatı Berlində ziyafət təşkil edib.
Bu barədə Bakıvaxtı.az səfirlikdən məlumat verilib.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Almaniya Müdafiə Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, Bundestaqın deputatları, səfirlər, müxtəlif ölkələrin Almaniyadakı hərbi attaşeləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də bu ölkədə yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev qeyd edib ki, həyata keçirilən islahatlar, müasir hazırlıq metodları və qabaqcıl texnologiyaların tətbiqi nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyəti və peşəkarlığı əhəmiyyətli dərəcədə yüksəlib.
Nəsimi Ağayev Azərbaycan ilə Almaniya arasında uzunmüddətli və etibarlı tərəfdaşlıq münasibətlərinin, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Bu il Almaniyada Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşelik aparatının fəaliyyətə başlamasının 20 illiyinin qeyd edildiyi vurğulanaraq, bunun müdafiə sahəsində əlaqələrin inkişafına töhfələri xüsusi vurğulanıb.
Azərbaycan Silahlı Qüvvələrinin Almaniyadakı hərbi attaşesi polkovnik Əhməd Qafarov bildirib ki, müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində vahid komandanlıq sistemi formalaşdırılıb və ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilıb.
Çıxışda, həmçinin Azərbaycanın qlobal təhlükəsizliyə mühüm töhfələr verdiyi, Almaniya ilə hərbi sahədə əməkdaşlığın uğurla davam etdirildiyi vurğulanıb.
Bakı 



