Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı (Bəxşəliyeva) Əməkdar incəsənət xadimi, görkəmli şair Çingiz Əlioğlunun vəfatı ilə bağlı sosial şəbəkə hesabında təsirli paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı kədərini bu sözlərlə ifadə edib:
"Görkəmli şairimiz Çingiz Əlioğlunun vəfat xəbərini eşidəndə çox kədərləndim. Bəzən insanın haqqında nə qədər söz desən də, heç biri içindəki boşluğu ifadə etməyə yetmir… Bir anlıq “Səni axtarıram”da qonaq olduğu vaxtlar, verilişdən sonra etdiyimiz uzun söhbətlər yadıma düşdü. Mənə həmişə deyirdi: “Xoşqədəm, bu talelərin hər biri bir romandır. Özün üçün qeydlər apar, yaz…”"
X.Hidayətqızı mərhum şairin insani keyfiyyətlərindən də söz açıb:
"Onu bir böyük kimi, bir ziyalı kimi, hər şeydən əvvəl isə gözəl bir insan kimi çox sevirdim. Bəlkə də azsaylı insanlardan idi ki, söhbətindən heç vaxt yorulmazdım. Çünki danışdıqca insanı düşündürən, öyrədən, öz dünyasına aparan adamlardan idi. Adam kimi Adam… İndi belə insanları bir-bir itiririk. Sayları azalır. Və hər itki ilə sanki bir dövr, bir yaddaş, bir söz dünyası da bizdən uzaqlaşır… Məkanın cənnət olsun, əziz şair".
Aparıcı paylaşımının sonunda şairin misralarını xatırladıb:
“Siz Allah, siz məni əfv eləməyin,
Varıb gedəsiyəm getdiyim yolla.
Nə körpü dözəcək ağırlığıma,
Nə də ki qapıdan buraxacaqlar…
O tiyan yanırsa, yandıran haqdır…
Artıq getməliyəm, getməli vaxtdır!”
Zeynəb Rzayeva
















