Azərbaycan Respublikasının əsas prioritetləri sırasında dayanan “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında Səhiyyə Nazirliyi tərəfindən sağlam həyat tərzinin təşviqi ilə bağlı tədbirlər davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 23 fevral 2024-cü ildə Füzuli şəhərində məktəbyaşlı uşaqlar və onların valideynləri üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici tədbir və aksiya keçirilib.
İSİM nümayəndələri “Sağlamlığın qorunması”, “Sağlam həyat tərzi” və digər mövzularla bağlı təqdimatlarla çıxış ediblər. Məktəbyaşlı uşaqların hərtərəfli inkişafı üçün erkən yaşlardan sağlam həyat tərzi seçməyin, hər gün fiziki aktiv olmağın və sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib. Ölkəmizdə aparılan məqsədyönlü maarifləndirmə tədbirlərinin əhəmiyyəti və gənc nəslin sağlam inkişafının daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” internet portalı (https://saglamusaq.az/) və mobil əlavəsi barədə geniş məlumat təqdim olunub. Bildirilib ki, şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulan portalda sağlamlığın qorunması və möhkəmləndirilməsi ilə bağlı faydalı məlumatlar, maarifləndirici materiallar, videoçarxlar və interaktiv oyunlar toplanılıb.
Tədbirdən sonra keçirilən maarifləndirici aksiyada sağlam həyat tərzi geniş təbliğ və təşviq olunub, zərərli vərdişlərin fəsadlarını təsvir edən rəsmlər sərgilənib. Həmçinin, şagirdlər arasında əldə edilən biliklərin möhkəmləndirilməsi istiqamətində sağlam həyat tərzinə dair interaktiv viktorina təşkil edilib. Aksiya iştirakçılarına sağlam həyat tərzini təbliğ edən hədiyyələr təqdim olunub.
Maarifləndirici tədbir və aksiyada 300-ə yaxın şagird, müəllim və valideyn iştirak edib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.