Koronavirus 2019-cu ilin son günlərindən bu yana dünyanı öz cənginə almaqda davam edir. İki ildir dünyanın bir nömrəli problemi və gündəmi olan koronavirus bu günə qədər 220 milyondan çox insana yoluxub. Son zamanlarda "delta", "delta plus" və "mu" kimi yeni variantları ilə gündəmə gələn virus rəsmi məlumata görə 4,5 milyondan çox insanın həyatına son qoyub. Yeni təhlükəli mutasiyalar bir çox ölkədə pandemiya tədbirlərinin geri qaytarılmasına səbəb olub.
Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, məşhur "Ekonomist" jurnalı əslində dünyada koronavirusdan ölənlərin sayının rəsmi rəqəmlərdən 3 dəfə çox olduğunu iddia edib. Beləliklə, koronavirusdan ölənlərin sayı reallıqda 15 milyondan çox ola bilər.
Jurnalda dərc olunan araşdırmaya görə, Çin, Rusiya və Hindistanda koronavirusdan ölənlərin sayı daha az qeydə alınıb və bu ölkələrdə koronavirusdan ölənlərin xeyli qismi korona testindən keçməyib.
Latın Amerikası və Afrikanın bir çox ölkələrində də bu cür bənzər mənzərənin olduğunu qeyd edən mütəxəssislər Nikaraquada ölümlərin sayının 10 min nəfər daha çox olduğunu iddia edib.
















