• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Ssenarist və rejissor Cəlaləddin Qasımov: “Mədəniyyət Nazirliyinin kabinetlərində oturub...”

MÜSAHİBƏ

06 Noyabr 2022 | 14:39

Ssenarist və rejissor Cəlaləddin Qasımov: “Mədəniyyət Nazirliyinin kabinetlərində oturub...”

Yazıçı-publisist, tarixi araşdırmalar müəllifi, Mahmud Kaşğari Fondunun vitse-prezidenti Cəlaləddin Qasımovun öz ssenarisi əsasında çəkdiyi bədii və sənədli filmlər çoxsaylı beynəlxalq kino festivallarda mükafatlar qazanıb. “Şollerin arxivi”, “Edam günü”, “Xatirə və xəta” bədii filmlərinin, “100 illik şərəfli ömür”, “Stalinin qaranlıq keçmişi” kimi sənədli ekran işlərinin Azərbaycandan kənarda əldə etdiyi uğurlar hər birimizi sevindir. Maraqlıdır ki, Cəlaləddin Qasımov heç vaxt kinorejissor kimi tanınmaq arzusunda olmayıb. Tarixçi olaraq araşdırmaq aparmaq, bədii əsərlər yazaraq doğulduğu yurda, Vətənə fayda vermək istəyib. Amma günlərin bir günü...

Müsahibənin gedişində Cəlaləddin bəy bu məqama aydınlıq gətirəcək. Erməni yalanlarına qarşı apardığı mübarizədən, Mədəniyyət Nazirliyinin ögey münasibətindən danışacaq, gələcək yaradıcılıq planları barədə söhbət açacaq.

 

“Ermənilər mənim haqqımda daha çox yazır”

 

- Cəlaləddin bəy, dünyanın müxtəlif ölkələrində keçirilən kino festivallarda uğur əldə edən filmləriniz barədə çox yazılıb və yazılır. Bəlkə bu dəfə özünüzü oxuculara yaxından tanıdaq?

- Həmişə düşünmüşəm ki, yaradıcılıqla məşğul olan insanın özündən daha çox yaratdığı əsərlər danışsa yaxşıdır. Bu prinsipimə əməl etməyə çalışıram. Mətbuatda nadir hallarda görünməyimin əsas səbəbi də elə budur. Filmlərim, kitablarım, araşdırmalarım haqqında qəzet və saytlarda, telekanallarda, internet resurslarında tez-tez məlumat verilir, danışılır, bir müəllif kimi təbii ki, sevinirəm. Və bu məni qane edir, özüm danışmasam, müsahibə verməsəm də olar. Amma sizin sualınıza cavab olaraq deyim ki, 55 il öncə Tovuzda dünyaya gəlmişəm. Moskvada, Bakıda ali təhsil almışam, ixtisasıma görə tarixçiyəm. Uzun müddət polis orqanlarında xidmət etmişəm, paytaxtın Xətai, Nizami rayon polis idarələrində, Bakı Şəhər Baş Polis İdarəsində yüksək vəzifələrdə çalışmışam.

Polisdə işləyəndə də, sonra da həmişə bədii yaradıcılıqla məşğul olmuşam, tarixçi kimi araşdırma aparmışam, tələbəlik illərindən başlayaraq arxivlərdə sənədlərlə işləyib maraqlı materiallar hazırlamışam, erməni yalanlarını dəlillərlə, faktlarla ifşa etmişəm. Çox qəribədir ki, ermənilərin internet resurslarında haqqımda yazılan məlumatlar bizim mətbuatdakından daha çoxdur.

Birdən birə bədii və sənədli filmlərə quruluş verməyə başladınız. Bu gün milli kinomuzda ən çox beynəlxalq mükafatlar qazanan rejissorlardan birisiniz. Film sektoruna gəlişinizin bir maraqlı tarixçəsi var yəqin...

- Bayaq dediyim kimi, bədii yaradıcılıqla məşğul idim, “Çingiz xanın xəzinəsi”, “Tariximizin açılmayan sirləri”, “Vətən uğrunda vuran ürəklər”, “27 ildən sonra”, “Bir rəisin gündəliyi” kitablarım çap olunmuşdu. Hələ nəşr etdirə bilmədiyim xeyli əsərim var. İstəyirdim ki, qələmə aldığım əsərlər nəşr edilsin, yazıçı kimi daha çox tanınım. Sözün açığı, quruluşçu rejissor olmaq, film çəkmək barədə düşünməmişdim. Günlərin birində ssenarim əsasında film çəkildi, indi həmin rejissorun adını çəkmək istəmirəm, onun ortaya çıxardığı işi bəyənmədim. Çünki adi, elementar səhvlər o qədər idi ki... Qərara aldım ki, ssenarilərimi ancaq özüm çəkim.

- Və beləcə başladı...

- “Şollerin arxivi” tammetrajlı filmini çəkdim. Tarixdən bəlli olduğu kimi, XIX əsrin əvvəllərində almanlar Azərbaycana köç edərək Tovuz, Qazax, Ağstafa, Şəmkir və Göygöl rayonları ərazisində məskunlaşıblar. Ölkə başçısı almanların Azərbaycana gəlişinin 200 illiyinin qeyd olunması ilə bağlı sərəncam da imzalamışdı. Filmimiz məhz həmin ərəfədə ərsəyə gəldi və bu tarixi hadisəyə gözəl bir bədii töhfə oldu. Ssenarini real hadisələr, nəslimizin, ailəmizin başına gələn əhvalatlar əsasında qələmə almışam. Daha bir tarixi faktı diqqətinizə çatdırım ki, 1941-ci ildə Almaniya SSRİ-yə hücum edəndən sonra sovet rəhbəri İosif Stalinin göstərişi ilə Azərbaycanda məskunlaşan 22 min 841 alman Qazaxıstana və Sibirə sürgün olunur. Bəhs etdiyim Şollerlər ailəsi də sürgün edilənlər arasında olub. Tovuzda məskunlaşan Şollerin körpə qızını gizlədən azərbaycanlı ailə uşağı ağır sürgün həyatından xilas edir və başqa adla böyüdür.

- Niyə bəs başqa adla?

- Çünki o dövr vəziyyət elə idi ki, sürgün edilən alman ailələrinə kömək edənlərin özlərini də ağır cəzalar, repressiya gözləyirdi, amma həmin azərbaycanlı ailəsi bütün bu qadağalarına baxmayaraq körpə Şollerin həyatını xilas edir. Ekran əsəri azərbaycanlılarla almanların arasındakı dostluq münasibətlərindən, xalqımızın tarixən multikultural dəyərlərə sadiqliyindən bəhs edir. “Şollerin arxivi”nin verdiyi bu mesajlar təkcə Avropada deyil, dünyanın hər yerində müsbət qarşılandı, təsadüfi deyil ki, bizim film müxtəlif beynəlxalq festivallarda iştirak edib, mövzusuna, ideyasına, tərbiyəvi əhəmiyyətinə görə mükafatlara, diplomlara layiq görülüb. “Şollerin arxivi” ekranlara çıxan gündən ABŞ, Almaniya, İtaliya, Kanada, Niderland və digər ölkələrin mediasında film haqqında məqalələr, resenziyalar dərc olunub. Niderlandın “31 mag” dərgisində film haqqında iki geniş məqalə işıq üzü görüb. Hollivudun “iPitchTV” kanalında, “Amazon” və “Vimeo” kimi platformalarda yerləşdirilib. Hollivudun bir nömrəli film bazasında “Şollerin arxivi” var, Yaponiyada keçirilən festivalda 3 min 500, İrandakı festivalda isə 4 min film arasından seçilib, müxtəlif mükafatlara layiq görülüb.

- “Şollerin arxivi”nin festivallarda nümayiş etdirildiyi, mükafatlarla layiq görüldüyü barədə tez-tez xəbərlər oxuyuruq. Filmin yaradıcısı kimi bu mükafatların sayını dəqiq bilirsiniz?

- Təvazökarlıqdan uzaq da səslənsə, deyim ki, filmin qazandığı mükafatların dəqiq sayının statistikasını aparmamışam. İlk vaxtlar necə deyərlər, hesabatın apardım, hardasa 150-dən çox mükafat, müxtəlif diplomlar, sertifikatlar var idi. İştirak etdiyi festivalların sayını da dəqiq bilmirəm, çünki bu gün də belə dəvətlər alıram, Hindistandan, bir neçə Afrika ölkəsindən dəvətlər gəlib.

- Sonrakı filmlərinizin də müxtəlif mükafatlar alması həm də “Sollerin arxivi”nin qazandığı uğurun təsadüfi olmadığını göstərdi...

- “Şollerin arxivi”nin ardınca “Nobel qardaşlarının ilk uğuru”, “Stalinin qaranlıq keçmişi”, “100 illik şərəfli ömür”, “Milyonçu Musa Nağıyev” adlı sənədli filmlər və “Xatirə və Xəta” tammetrajlı bədii film çəkdim. Həmin filmlər də müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb, seçilmiş filmlər siyahısında yer alıb. Təkcə elə “Nobel qardaşlarının ilk uğuru” adlı qısametrajlı sənədli filmim 40-a yaxın müxtəlif mükafat qazanıb.

Bir məsələni də qeyd edim ki, bütün bu bədii və sənədli filmləri öz imkanlarım hesabına çəkmişəm, heç bir dövlət qurumundan, xüsusi ilə kinoya cavabdeh olan Mədəniyyət Nazirliyindən bir manat belə maddi dəstək almamışam. Nazirliyin mənə qarşı olan münasibətini ümumiyyətlə anlaya bilmirəm. Yazdığım ssenarilər, çəkdiyim bədii və sənədli filmlər bütün dünyada qəbul edilir, mükafatlara layiq görülür, bircə Mədəniyyət Nazirliyinin kinodan məsul əməkdaşlarına heç nə bəyəndirmək olmur... Orda-burda şayiə yayırlar ki, guya həmin mükafatları mən pulla alıram. Birincisi, onlar hər şeyi öz arşınları ilə ölçməsinlər, mənin kimsəyə rüşvət vermək kimi niyyətim, həvəsim və maddi imkanım yoxdur. Əksinə, əksər festivalların təşkilatçıları özləri bizə dəvət göndərir, iştirakçılar qarşısında tələb kimi qoyulan ödənişlərdən bizi azad edilər, heç bir ödəniş etmədən filmləri həmin festivala göndəririk. Bunu sübut edən sənədləri şübhəsi olan istənilən məmura göstərə bilərəm. Üçüncüsü isə, filmlərimin qazandığı nailiyyətlər tək Cəlaləddin Qasımovun şəxsi uğuru deyil, bu işdə əməyi keçən yaradıcı və texniki heyətdəki hər kəsin uğurudur. Onlar az büdcə ilə çox böyük zəhmətə qatlaşaraq, bəzən də fədakarlıq edərək gecə-gündüz çalışıblar. Kino məmurları bəlkə də onu bilməz, amma hər bir film böyük zəhmət hesabına başa gəlir. Bütün bu əziyyətləri isə Azərbaycan yolunda, onun mədəniyyətinin, insanpərvərliyinin təbliği yolunda etmişik, milli kinomuzu tanıtmaq, dünyaya çıxarmaq üçün çalışmışıq. Amma vəzifə borcları bizə dəstək vermək olan bəzi məmurlar isə işimizə mane olmaq istəyirlər.

 

“Mədəniyyət Nazirliyində mənə təklif etdilər ki...”

 

- Vətən savaşında qazanılan tarixi Zəfərimizin növbəti ildönümü ərəfəsində söhbətləşirik. İşğalçı üzərində misilsiz qələbəmizi özündə əks etdirən bədii filmlər isə hələ ki, çəkilməyib. Bu gün mətbuatda, sosial şəbəkədə Mədəniyyət Nazirliyi həm də bu məsələyə görə tənqid olunur...

- Aktual məsələyə toxundunuz. Ermənilərin təbliğatından, işğalçı, vandal ola-ola özlərini dünyada mədəni, sülhsevər, əzabkeş xalq kimi tanıda bilməsindən çox danışır, gileylənirik. Bu gün dünyada keçirilən istənilən film festivalında erməni filmlərinə rast gəlmək olur. Bütün filmlərində özlərini Qafqazda ən mədəni, sülhpərvər xalq kimi təqdim edirlər. Dəfələrlə olub ki, mən festivalın rəhbərliyinə, münsiflərinə məktub yazaraq sənədlər, faktlar göndərmişəm, məhz mənim israrlı müraciətimdən sonra erməni filmləri seçilmiş filmlər siyahısından çıxarılıb. Vətən savaşının 20-ci günü ermənilər artıq “Sonuncu sakin” adlı qısametrajlı film çəkib Fransanın Kann şəhərində keçirilən “Aralıq dənizi ölkələrinin filmləri” festivalına göndərmişdilər və seçilmiş filmlər siyahısına da düşmüşdü. “Sonuncu sakin”in çəkilişinə Amerika, Fransa, İran da daxil olmaqla 7 ölkədə yaşayan ermənilər 2 milyon dollar pul xərcləmişdilər. Film nədən bəhs edirdi? Guya Azərbaycan Ordusu mülki ermənilərin yaşadığı əraziləri top, raket atəşinə tutur, uşaqları, qocaları qırır, Azərbaycan hərbçiləri bir erməni qızını əsir götürüb Bakıya gətirib və həmin qızı dəlixanada saxlayaraq ona işgəncələr verirlər, məzlum ermənilər isə sülh istəyir. Mən festivalın təşkilatçılara məktub göndərdim, həqiqi vəziyyəti izah edən sənədlər təqdim etdim. Festivalın sonunda bizim “Şollerin arxivi” mükafat alan 8 filmdən biri oldu, 14 nəfərlik erməni heyəti isə “Sonuncu sakin” filminin seçilmiş filmlər siyahısına düşməsini sübut edən sertifikatla Yerevana qayıtdı. Təsəvvür edin ki, savaşın 20-ci günü Ermənistan artıq film çəkib beynəlxalq festivala göndərmişdi.

Doğru qeyd etdiniz, 44 günlük Vətən savaşında Azərbaycan Ordusu və xalqı dövlət başçımızın ətrafında bir yumruq kimi birləşərək qələbə qazandı. 2 il ötməsinə baxmayaraq tarixi Zəfərimizi əks etdirən bir bədii film ortaya çıxara bilməmişik. Ermənilərin Xocalıda, Gəncədə, Tərtərdə, Bərdədə törətdiyi vəhşilikləri kino dili ilə niyə dünyaya çıxarmırıq? Nə mane olur? Bu sualları Mədəniyyət Nazirliyinin kabinetlərində oturub Cəlaləddin Qasımovun ayağını qazanlara, ssenarilərini, məktublarını itirənlərə vermək lazımdır.

- Nazirliyin sizə qarşı bu münasibəti nədən qaynaqlanır?

- Əvvəlki nazirin dövründə mənə təklif etdilər ki, “Şollerin arxivi” filminin Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunduğunu qeyd edim. Açıq dedilər ki, əks halda bütün qapılar üzünə bağlanacaq. Təkrar da olsa qeyd edim ki, filmi öz vəsaitim hesabına çəkmişəm, axı yalandan necə deyim ki, Mədəniyyət Nazirliyi kömək edib? Bunu bəlkə də ilk dəfə açıqlayıram, əslində “Şollerin arxivi” iki hissəli film olmalı idi, lakin maddi imkanım buna yetərli olmadı. Yəqin ki, nə vaxtsa bu istəyimi reallaşdıra biləcəm.

- Hazırda üzərində çalışdığınız yeni bir film varmı?

- “İkinci ömür” adlı ssenarim əsasında eyni adlı film çəkmişəm, artıq montaj işləri yekunlaşır. Baş rolda istedadlı kino və teatr aktyoru Əjdər Zeynalov çəkilib. Əslində film çoxdan hazır olmalı idi, sadəcə, maddi problemlər üzündən istehsal prosesi uzun çəkdi. İnşallah tezliklə tamaşaçılara təqdim edə biləcəyik.

Etibar Cəbrayıloğlu


SON XƏBƏRLƏR

28 Mart 2024