Son dövrlərdə sosial şəbəkələrdə aktual olan "su dietası" qadınlar, hətta kişilərin belə üz tutduğu arıqlama üsullarından biridir. Bu pəhriz zamanı insanlar müəyyən müddət ərzində yalnız su qəbul edərək bədənlərini təmizləməyi və çəki itirməyi qarşıya məqsəd qoyurlar.
Bəs gün ərzində yalnız su ilə qidalanmaq orqanizmə necə təsir edir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, pəhriz mövzusu hər zaman aktual olan mövzulardan biridir. Su dietası da bu mövzular arasında geniş maraq doğurur.
"Mən bunu həftədə bir dəfə edənlərə də rast gəlmişəm, daha tez-tez tətbiq edənlərə də. Amma unutmaq olmaz ki, hər şeyin ifrat dərəcəsi zərərlidir", - deyə terapevt bildirib.
Onun sözlərinə görə, su dietasının zərərli olduğunu demək düzgün olmazdı:
"Orqanizm bir qədər dincəlir. Şirniyyat və ağır qidalar qəbul etdikdə orqanlarımız daha çox işləyir, nəticədə özümüzü narahat hiss edirik. Bu baxımdan su dietası faydalı ola bilər".
G.Lətifovanın dediyinə görə, lakin bu dietanın mənfi tərəfləri də az deyil:
"Orqanizmimizin karbohidrat, zülal və digər qida maddələrinə ehtiyacı var. Gün ərzində yalnız su qəbul etməklə qidalanmaq bəzən orqanizmə zərər verə bilər".
Günay Lətifova: Su dietasının zərərli olduğunu demək düzgün olmazdı, amma...
Terapevt qeyd edib ki, bəzən artıq çəkidən əziyyət çəkən insanlar sosial şəbəkələrdə gördükləri hər arıqlama metodunu sınamağa çalışırlar. Bu isə heç də düzgün deyil:
"Hər bir insanın orqanizmi fərqlidir. Hazırda arıqlayan və sosial şəbəkələrdə qrup yaradıb başqalarını da arıqlatmağa çalışan şəxslər çoxdur. Amma unutmayın, əgər arıqlamaq istəyirsinizsə, bu işlə peşəkar şəkildə məşğul olan həkim-dietoloqlara müraciət etmək lazımdır. Çünki insanın özü belə bilmədiyi xroniki xəstəliklərə malik ola bilər. Bu isə ciddi fəsadlara səbəb ola bilər".
Nuriyyə Musayeva