“Azərbaycanda avtomobil yanacağının qiymətində bahalaşma olmaya bilərdi. Belə ki, müəyyən dövlət qurumlarında üfüqi və şaquli məsuliyyət düzgün bölünsəydi, SOCAR öz xərclərini azaltsaydı, yanacağın qiymətinin bahalaşmasına ehtiyac qalmayacaqdı”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov bildirib.
Ekspert qeyd edib ki, benzinin və çörəyin qiyməti bahlaşmamışdan öncə Azərbaycanda gizli şəkildə inflyasiya gedib: “Azərbaycanda buğda istehsal olunsa da, Qazaxıstan və Rusiyadan buğda idxal edirik. Bu ilin mart ayından Rusiya hökuməti bu ölkədən çıxan buğda və buğda məhslunun hər tonuna görə, əlavə gömrük rusumu təyin elədi. Bu da Azərbaycanda çörəyin qiymətinə öz təsirini göstərib.
Mərkəzi Asiya ölkələri son zamanlar Qazaxıstandan buğdanı idxal etməyə başlayıb. Tələbatın artması nəticəsində Qazaxıstanda buğda bahalaşıb.
Azərbaycan hökuməti çörəyin qiyməti bahalaşmasın deyə subsidiyalar ayırdığı üçün gizli inflyasiya nəzərə çarpmırdı. Amma dizelin və “Aİ-92” markalı benzinin bahalaşması çörəyin qiymətinə təsir göstərdi. Çünki kənd təsərrüfatı texnikası dizel yanacağı ilə işləyir. Subsidiyalar bu prosesin qarşısını bir müddət ala bildi. Maya dəyəri şişdikcə bu qiymətə öz təsirini mütləq göstərməlidir.
Azərbaycanda istehsal olunan buğda xüsusi ilə texniki məqsədlər üçün yararlıdır. Əsasən yeyintidə istifadə etdiyimiz buğda Rusiya və Qazaxıstandan idxal etdiyimiz buğdadır”.
Ekspert vurğulayıb ki, “Aİ-95” markalı və “Aİ-98” markalı benzinin qiyməti bahalaşandan sonra dizel mühərrikli və “Aİ-92” markalı benzinlə işləyən avtomobillərdə qiymət artımı müşahidə ediləcək.
















