• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Təbii maqneziumun mənbəyi olan kakao

CƏMİYYƏT

01 Iyul 2022 | 02:35

Təbii maqneziumun mənbəyi olan kakao

Kakaonun vətəni Cənubi Amerikanın subekvatorial regionları olsa da, bu bitki meyvələrinin toxumlarına görə dünyanın hər yerində tanınır. Ondan qənnadı sənayesində əsasən şokolad istehsalında, tibdə isə xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir.

Bakıvaxtı.az xəbər verir ki, qədim asteklər kakaonu çox yüksək dəyərləndirir və hətta ondan pul kimi istifadə edirdilər. Məsələn, cavan və güclü qul bazarda 100 ədəd kakao meyvəsinə satılırdı. Maraqlıdır ki, hətta o dövrdə də “belə əsginasları” bəzən saxtalaşdıraraq meyvənin boş qutucuqlarının içinə qum və ya gil doldururdular.

Asteklərin hazırladığı kakaolu içkinin müasir isti şokoladla heç bir əlaqəsi yoxdur, onun tərkibinə Çili bibəri və dənli bitkilər əlavə olunaraq, soyuq halda içilirdi. Şəkəri kakaoya ilk dəfə ispanlar əlavə edib. Onlar isti şokolad içkisinin reseptini 100 ilə yaxın müddətdə gizli saxlayıb və digər Avropa ölkələrinə yayılmağa qoymayıblar. Lakin 1606-cı ildə italiyalı Antonio Karlett həmin resepti oğurlayıb və bundan sonra həmin içki bütün dünyada məşhurlaşmağa başlayıb.

Kakao ağacı tərkibində “şokolad narkotiki” adlanan anandamid və feniletilamin maddəsi olan nadir bitkilərdəndir. Həmin maddələr orqanizmə antidepressiant və güclü ağrıkəsici təsir göstərir, xoş əhval-ruhiyyə yaradan endorfin və serotonin neyromediatorlarının sintezini artırır.

Kakao təbii maqneziumun mənbəyi kimi orqanizmdə sümük toxumasını möhkəmləndirir, stresə qarşı davamlığı artırır və əzələləri boşaldaraq rahatlıq yaradır. Kakao tərkibindəki dəmir sayəsində dəmir çatışmazlığı ilı bağlı anemiyaların müalicəsində və profilaktikasında geniş istifadə edilir (azərtac). Dəridə regenerasiya proseslərini sürətləndirərək yaraların sağalmasını tezləşdirir, həmçinin tərkibində olan təbii melanin piqmenti dərini günəş şüalarının zərərli təsirindən qoruyur, elastikliyi artırır, qırışların və çatların əmələ gəlməsinin qarşısını alır. Bundan başqa kakao sinir sisteminə tonuslandırıcı təsir göstərir, ürək fəaliyyətini gücləndirir, nəbzi sürətləndirir, damarların daralmasına və arterial təzyiqin artmasına səbəb olur, sidikqovucu effekti verir. Lakin tərkibində olan kofein arterial təzyiqi yüksəltdiyinə görə ürək-damar sistemi xəstəliklərindən, xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlərin ondan istifadəsi məsləhət deyil. Kalsiumun orqanizmə sorulmasını ləngitdiyinə görə hamilə qadınların və körpə uşaqların kakao içməsi, xüsusilə şokolad yeməsi zərərlidir.


SON XƏBƏRLƏR

18 Mart 2024