“Biz uşaqlarımıza verdiyimiz sualları şəxsi maraqlara və təsadüfi yanaşmalara görə yox, obyektiv meyarlara əsaslanaraq hazırlamalıyıq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: Yeniliklər və hədəflər” adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu, həm dərsliklərin keyfiyyətinin, həm də tədrisin məzmununun yüksəlməsi üçün vacibdir. “Məsələn, biologiya fənni üzrə Azərbaycan dilində dərsliklərin daha müasir və beynəlxalq standartlara uyğun hazırlanması üçün səlahiyyətli qurumlar müvafiq şərait yaratmalıdır”.
Nazir əlavə edib ki, mütəxəssislərin fikirlərinə qulaq asmaq, onların təkliflərinə önəm vermək və test tapşırıqlarını beynəlxalq standartlara uyğunlaşdırmaq təhsilin keyfiyyətinin artırılmasına kömək edəcək. “Hər bir sual yalnız bilik yoxlamamalı, həmçinin şagirdin düşünmə, analiz etmə və tətbiq bacarıqlarını da ölçməlidir”.
O bildirib ki, cəmiyyətdə formalaşan anlayış belə olmalıdır: biologiya və digər fənlər təsadüfi yanaşma ilə deyil, sistemli və davamlı inkişafla irəliləməlidir. Bu yanaşma həm müəllimlərin, həm də şagirdlərin motivasiyasını artıracaq.
“Eyni zamanda məktəbəqədər təhsildən başlayaraq bütün pillələrdə keyfiyyətin yüksəldilməsi, tədris saatlarının optimallaşdırılması və müasir standartlara uyğunlaşdırılması uzunmüddətli nəticələr verəcək. Əgər bu sahədə hər il 2–3% irəliləyiş əldə edilərsə, beş ildən sonra məktəbəqədər təhsildə 16%-dən yüksək nəticələrə nail olmaq mümkün olacaq. Ali təhsil müəssisələri, ictimaiyyət və mütəxəssislər birgə əməkdaşlıq edərək bu prosesləri dəstəkləməlidir. “Bu yanaşma həm milli dəyərlərin qorunmasına, həm də beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil sisteminin formalaşmasına zəmin yaradacaq”, – E.Əmrullayev vurğulayıb.
Mina Mikayılova