• Bakı 30° C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Təyyar Bayramov: “Elə bir tədbir yoxdur ki, onun adı çəkilməsin”

MƏDƏNİYYƏT

20 Avqust 2026 | 10:35

Təyyar Bayramov: “Elə bir tədbir yoxdur ki, onun adı çəkilməsin”

“Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan muğamı var, Xan Şuşinski hər zaman zirvədə olan bir sənətkar olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  xanəndə, Əməkdar artist Təyyar Bayramov Xan Şuşinskinin anım günündə deyib.

O bildirib ki, Xan Şuşinskinin səsi özünəməxsusluğu ilə seçilib və belə bir səsin yenidən yaranması çətindir:

“Doğrudan da, bənzərsiz bir səs idi. Onun həm zildə, həm bəmdə məlahətli səsi vardı. “Şuşanın dağları” mahnısını hamı oxuyur, səsləndirir. Ancaq ondan gözəl oxuyan xanəndə yoxdur”.

Təyyar Bayramov qeyd edib ki, xanəndələr bu gün də Xan Şuşinskinin həm muğamlarından, həm də mahnılarından yararlanırlar. Onun sözlərinə görə, böyük sənətkarın yaradıcılığı yalnız xanəndələr üçün deyil, müxtəlif dövrlərin böyük sənətkarları və musiqişünasları üçün də mühüm mənbə olub.

Əməkdar artist Xan Şuşinskinin muğam sənətinin qorunmasına xüsusi önəm verdiyini də vurğulayıb. O bildirib ki, belə sənətkarlar dünyasını dəyişməklə sənətdən getmirlər, yaratdıqları əsərlər və musiqilər vasitəsilə yaşamaqda davam edirlər.

“Belə sənətkarlarımız gözünü yumub bu dünyadan köçməklə ölmürlər. Oxuyub yaradıblar, yaratdıqları bu əsərlərlə, bu gözəl musiqilərlə daim yaşayırlar. Xanımız da bizim o sənətkarlarımızdandır ki, biz hər zaman onu yad edirik”, - deyə T.Bayramov bildirib.

Təyyar Bayramov qeyd edib ki, Xan Şuşinskinin sənət irsi və şəxsiyyəti Azərbaycan musiqi mədəniyyətində daim xatırlanacaq.

“Xanın dövründə yaşamamışam, mənim üç yaşım olanda o dünyasını dəyişib. Amma onun necə mənəvi zəngin insan olduğunu biz bu gün də görürük. Elə bir veriliş yoxdur ki, onun adı çəkilməsin, elə bir tədbir yoxdur ki, onun adı çəkilməsin. Bax, Azərbaycan musiqisi üçün bunu qoyub getmək lazımdır. Belə bir dahi sənətkarın qarşısında, heykəli qarşısında hər zaman baş əyirik”, - deyə Təyyar Bayramov əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026