• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"TV-lər ANS mühitini dirçəldə bilmir" - AÇIQLAMA

CƏMİYYƏT

10 Sentyabr 2021 | 16:27

"TV-lər ANS mühitini dirçəldə bilmir" - AÇIQLAMA

Bu gün hər kəsin narazı olduğu problemlərdən biri də televiziya kanallarında kifayət qədər keyfiyyətli verilişlərin olmamasıdır. Hətta bir çox insan bu səbəbdən xəbərləri saytlardan izləyir, televiziyaya baxmır. Bəs bu problemin kökündə nə dayanır? Azərbaycan televiziyasının nəyə ehtiyacı var?

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli Bakıvaxtı.az-a danışıb:

"Əlbəttə, bu gün Azərbaycan televiziya məkanının çox ciddi problemləri var. Hesab edirəm ki, bu gün ən ciddi məsələ televiziya auditoriyasının parçalanması və verilişlərin geniş auditoriyanı cəlb edə bilməməsidir. Bunun da müxtəlif səbəbləri var və bu səbəblərin ən başlıcası, proqram çeşidlərinin məhdudluğu, forma və məzmunca tamaşaçıları qane etməməsidir. İndi televiziyanın özü çox mürəkkəb vəziyyətdədir. Çünki indi bəşəriyyət məlumatları sosial şəbəkələrdən, saytlardan, fərqli platformalardan alır. O mənada, televiziyanın birgəlik hissi yaratmaq üstünlüyü digər platformalarda yoxdur. Ona görə, auditoriyanın televiziyadan gözləntiləri böyükdür. Bu gün biz 5-10 il əvvəlki səviyyədə proqram edə bilmərik. Çünki televiziyanın rəqibləri çox yaxındadır, onların hənirtisini hər gün, hər dəqiqə eşidirik. Bu səbəbdən, ən ciddi məsələlərdən biri televiziya proqramlarının mövzuca cəlbedən olmamasıdır. Yəni, indiki halda, televiziyanın cazibadarlığı yüksək deyil. Misal üçün, müharibə dövründə daha çox televiziyalardan məlumat gözləyirdik. Düzdü, onda internetlə bağlı məhdudiyyətlər, başadüşülən senzura var idi. O zaman insanlar televiziyaya üz tutdu. Bəs televiziya bunu qane elədimi? Əlbəttə, qane edən cəhədləri ilə birgə problemləri də var idi."

"Televiziya, birinci növbədə, məlumat vasitəsidir. Bunun üçün də, biz xəbərlər proqramında nələri görmək istəyirik? Onlar bizi qane edirmi? Dünya standartlari ilə müqayisədə bizim televiziya proqramları Azərbaycan tamaşaçısını keyfiyyətli bir şəkildə məlumatlandıra bilirmi? Baxın, bununla bağlı probremlər var. Bizdə informasiya proqramları hamısı bir-birinə oxşayır sanki. Elə bil ki, mövzular da bir yerdən deyilir. Hətta proqramların ardıcıllığı, tərtibi, reportajların təqdimatı da elə bil bir nöqtədən idarə olunur. Belə olmaz. Bizim umacağımız daha çox büdcədən maliyyələşən, yəni AzTV, İTV kimi  televiziyalardandır. Məncə, bu kanallar xəbər sahəsində öncüllüyü ələ almalıdırlar. Məsələn, vaxtilə Azərbaycanda müstəqil, özəl televiziya kanalı ANS var idi. O kanala çox adam baxırdı, çünki orda başqa televiziyaların vermədiyi mövzular, materiallar, xəbərlər, hadisələr geniş işıqlandırılırdı. Təəssüf ki, bu gün digər televiziya kanallarımız o mühiti dirçəldə, lazım olan səviyyəyə qaldıra bilmir. Yəni xəbərlər proqramında birmənalı şəkildə zəiflik var, onun aradan qaldırılması arzu olunandır.

İkincisi, bizdə maarifləndirici verilişlərə ehtiyac var. Məncə, televiziyalar bununla bağlı ciddi düşünməlidirlər. MTRŞ maarifçilik proqramı üçün müsabiqə elan etmişdi, ancaq axırının necə olduğunu bilmədik. Bu gün Azərbaycanda ciddi, maarifçi bir kanala ehtiyac var. Məsələn, mən arzulayardım ki, o maarifçi kanal ya AzTV-nin ixtiyarında olsun, ya da İctimai televiziyanın. İkinci öyrədici proqramı olsun deyə ən məqsədəuyğunu İctimai televiziyadır. Təsəvvür edin, Yaponiya kimi dünyanın inkişaf eləmiş ölkəsində İctimai Televiziya kimi birinci kanalı universal, ikinci kanalı isə maarif, elm və təhsil proqramıdır. Bizdə cəmiyyəti maarifləndirəcək belə bir proqrama ehtiyac var.

Üçüncüsü, camaat keyfiyyətli şouya baxmaq istəyir. Ancaq o cür şoular varmı? Təəssüf ki, çox azdır. Ona görə də, bizdə proqramların mövzularının şou tipində çatdırılması dünyada yeni məsələ deyil. Məsələn, İTV-də “3D” proqramı meydana çıxdı və əməlli başlı ciddi rezonans doğurdu. Düzdür, çətin qəbul edən adamlar da var idi, amma orda müxtəlif kateqoriyadan olan insanlar cəmiyyət üçün çox maraqlı subyektə çevrildi. Oranın müsahibələri, müsahibədə qoyulan mövzunun təqdimatı xeyli maraqlı və cazibadar idi. Çünki formanın özü qeyri-standart idi.

Həmçinin, kütləvi şou proqramlarını canlandırmağa ehtiyac var. Xoşbəxtlikdən bizdə hələki çox bayağı, bəsit, xüsusilə də, əvvəllər “Xəzər” və “Lider” TV-də olan o proqramlar bağlanıb. Yəni yaxşı ki, məişət, toyxana səviyyəsində olan şou  proqramları dayanıb. Ancaq indi mahiyyətcə onların yenisi, keyfiyyətlisi yaradılmalı və üzərində ciddi iş getməlidir. Bu dediklərimi ümumiləşdirəndə o qənaətə gəlirik ki, televiziyalarımız həddindən çox çalışmalı, tamaşaçı maraqlarını duymalı və yeni cazibadar proqramlarla auditoriyaları qaytarmalıdırlar. Belə olan halda, əlbəttə ki, müəyyən mənada öz televiziyalarımızla fəxr edə bilərik. Amma indiki vəziyyətdə, təəssüf ki, televiziyalarda çatışmayan 3 şey var: idarəçilik, forma və məzmunun yüksəldilməsi, kadr məsələsi və maliyyə, iqtisadi problemlərin həll olunması. Bütövlükdə, bu problemlərimizi həll edib televiziyalarımızı bəlli bir səviyyəyə qaldıra bilərik".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026