Rusiya-Ukrayna müharibəsində hərbi qarşıdurma təkcə cəbhə xətti ilə məhdudlaşmər. Bunu spn günlər baş verən hadisələr də göstərir.
Rusiyanın Ukraynanın Dunay üzərində yerləşən strateji İzmail limanına zərbələr endirməsi Kiyevin logistika və ixrac imkanlarının yenidən hədəfə çevrildiyini göstərir. Bunun fonunda Prezident Volodimir Zelenski ABŞ-dən əlavə “Patriot” raketlərinin verilməsinin vacibliyini gündəmə gətirib. Digər tərəfdən, Vladimir Putin Avropa dövlətləri Rusiya ticarət gəmilərini ələ keçirərsə, Moskvanın Avropa gəmilərinə qarşı analoji tədbirlər görə biləcəyi barədə xəbərdarlıq edib. Beləliklə, müharibənin təsirləri Qara dəniz və Dunay hövzəsindən Avropa ilə Rusiya arasındakı dəniz nəqliyyatına qədər genişlənə bilər.
Mövcud vəziyyəti Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, İzmail sıradan bir hədəf deyil, Ukraynanın Dunay üzərindən xarici bazarlara çıxışında mühüm rol oynayan strateji logistika məntəqəsidir. Buna görə liman infrastrukturuna zərbələr Rusiyanın Ukraynanın yalnız hərbi imkanlarını deyil, iqtisadi dayanıqlığını da zəiflətmək strategiyasının davamı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, xüsusilə taxıl və digər məhsulların ixracında Dunay marşrutunun əhəmiyyəti nəzərə alınanda belə hücumların daha geniş iqtisadi nəticələri ortaya çıxır:
“Moskva bununla həm Kiyevin gəlir imkanlarına, həm də Ukraynanı xarici bazarlarla birləşdirən alternativ logistika xətlərinə təzyiq göstərməyə çalışır. Digər tərəfdən, Dunay hövzəsində hərbi aktivliyin artması NATO üzvü Rumıniyanın sərhədlərinə yaxın ərazilərdə təhlükəsizlik risklərini də yüksəldir. Buna görə İzmailə hücum Rusiya-Ukrayna müharibəsinin coğrafi olaraq genişlənməsi deyil, onun regional təsirlərinin daha təhlükəli xarakter almasının göstəricisi hesab edilə bilər”.
Müsahibimiz hesab edir ki, Zelenskinin “Patriot” məsələsini yenidən gündəmə gətirməsi Ukraynanın hava hücumundan müdafiəsinin müharibənin ən kritik istiqamətlərindən biri olaraq qaldığını göstərir. Rusiya raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə enerji, logistika və digər strateji infrastruktura davamlı təzyiq göstərməyə çalışır. Belə şəraitdə Ukrayna üçün əsas məsələ yalnız yeni sistemlər əldə etmək deyil, mövcud sistemlər üçün kifayət qədər raket ehtiyatının təmin edilməsidir. Patriotların əhəmiyyəti xüsusilə daha mürəkkəb raket təhdidlərinə qarşı müdafiə imkanları ilə bağlıdır və buna görə Kiyev bu sistemlərin tədarükünü siyasi gündəmdə saxlayır.
“Bununla yanaşı, Ukraynanın Qərbin hərbi yardımından yüksək səviyyədə asılı qalması müharibənin davamlılığı baxımından Kiyev üçün strateji zəiflik yaradır” deyən politoloq bildirib ki, əgər silah və sursat tədarükündə ciddi fasilələr yaranarsa, Rusiya bundan Ukraynanın hava müdafiəsini daha çox yükləmək və strateji obyektlərə zərbələrin effektivliyini artırmaq üçün istifadə edə bilər.

Züriyə Qarayeva: Ukrayna üçün əsas məsələ mövcud sistemlər üçün kifayət qədər raket ehtiyatının təmin edilməsidir
Putinin Avropa ölkələri Rusiya gəmilərini ələ keçirərsə, Moskvanın da Avropa gəmilərinə qarşı analoji addım ata biləcəyi barədə xəbərdarlığına gəlincə, həmsöhbətimiz görə, bu bəyanat Rusiya ilə Avropa arasındakı qarşıdurmanın iqtisadi sanksiyalardan dəniz təhlükəsizliyi müstəvisinə keçməsi riskini ortaya çıxarır. Avropa ölkələri Rusiyanın sanksiyalardan yayınmasında istifadə edildiyi bildirilən gəmilərə qarşı nəzarəti sərtləşdirdikcə Moskva bunu öz ticarət və enerji maraqlarına birbaşa təzyiq kimi qəbul edir. Putinin cavab tədbirləri barədə danışması isə Rusiyanın belə addımları cavabsız qoymayacağına dair siyasi xəbərdarlıqdır:
“Əgər qarşılıqlı gəmi saxlamaları və ya müsadirələri real praktikaya çevrilərsə, Baltik və digər Avropa dəniz marşrutlarında yeni gərginlik nöqtələri yarana bilər. Burada ən ciddi təhlükə kommersiya gəmiləri ilə bağlı insidentlərin hərbi qüvvələrin müdaxiləsini zəruri edən böhrana çevrilməsi ehtimalıdır. Bu səbəbdən Ukrayna müharibəsinin dolayı nəticələrinin Rusiya ilə NATO ölkələri arasında daha təhlükəli təmas nöqtələri yaratması ehtimalını nəzərdən qaçırmaq olmaz”.
“Son hadisələri birlikdə qiymətləndirdikdə, Rusiya-Ukrayna müharibəsinin qarşıdakı mərhələsində hansı tendensiyanı gözləmək olar” sualını cavablandıran politoloq qeyd edib ki, hazırkı proseslər müharibənin yaxın perspektivdə sürətlə başa çatacağından daha çox, qarşılıqlı təzyiq vasitələrinin genişlənəcəyini göstərir. Rusiya Ukraynanın liman, enerji və logistika infrastrukturu üzərində təzyiqi artırmaqla onun uzunmüddətli müqavimət imkanlarını zəiflətməyə çalışır. Ukrayna isə bir tərəfdən Qərbdən daha güclü hava hücumundan müdafiə vasitələri tələb edir, digər tərəfdən Rusiyanın arxa cəbhəsindəki strateji obyektlərə zərbələrlə Moskvanın müharibə aparmaq imkanlarına təsir göstərməyə çalışır.
“Bununla yanaşı, Rusiya ilə Avropa arasında gəmiçilik və sanksiyalar ətrafında yaranan gərginlik müharibəyə əlavə risk ölçüsü gətirir. Əsas təhlükə tərəflərin əvvəlcə iqtisadi və logistika xarakterli hesab etdiyi addımların sonradan birbaşa hərbi insidentlərə səbəb olmasıdır. Buna görə qarşıdakı dövrdə müharibənin taleyini yalnız cəbhədəki ərazi dəyişiklikləri deyil, hava hücumundan müdafiə imkanları, logistika xətləri və Rusiya-Qərb qarşıdurmasının hansı həddə qədər genişlənəcəyi də müəyyən edəcək”, - deyə Züriyə Qarayeva bildirib.
Zülfü Məmmədov
Bakı 



