• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Vaxtı keçmiş məhsullarla insanları belə zəhərləyirlər - AÇIQLAMA

CƏMİYYƏT

29 Sentyabr 2021 | 10:03

Vaxtı keçmiş məhsullarla insanları belə zəhərləyirlər - AÇIQLAMA

Azərbaycanda illərdir aktuallığını itirməyən mövzulardan biri də marketlərdə, xüsusilə mərkəzdən kənar kiçik mağazalarda vaxtı keçmiş məhsulların satılmasıdır. Bu məhsulları alan insanlar hər zaman zəhərlənməsə də, sağlamlıqları təhlükə altındadır.

Bəs niyə qarşısı alınmır?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a danışıb:

“Azad İstehlakçılar Birliyi vaxtı keçmiş malların istehlakçılara çatdırılması ilə bağlı 23 ildir mübarizə aparır. Biz daim iş aparmışıq ki, yararlılıq müddəti keçmiş malların ictimai məhvedilməsi həyata keçirilsin və burda kütləvi informasiya vasitələri, ictimai təşkilatlar iştirak etsin. 23 il ərzində mən cəmi iki dənə ictimai məhvedilmədə iştirak etmişəm, onun da çoxu öz təşəbbüsümüz olub. Çox təəssüflər olsun ki, yararlılıq vaxtı keçmiş mallar müxtəlif yollarla istehlakçıların boğazına tıxanır. Marketlərə getsək, yeşiklərdə konfetlər satıldığını görərik. Əlbəttə, hər konfetin etiketinə onun buraxılma tarixini və son yararlılıq müddətini yazmaq olmaz, yəni istehsal şəraitində mümkün deyil. Lakin nəqliyyat taralarının üzərində yazılır. Məhsulun vaxtı keçdikdən sonra həmin yeşiklərə boşaldırlar, istehlakçılar da ordan alır. Hətta bəzən bizə gələn şikayətlərdə o yeşiklərin altından qurd çıxdığı deyilir. Uzun illərdir dövlət orqanları belə vaxtı keçmiş malların üzərinə yeni etiket yapışdıranları ifşa edir. Bu, istehlakçılara zəhərli malların satılmasından xəbər verir. Uzun müddət əvvəl, hələ AQTA yaranmamışdan öncə və hazırda da vaxtı keçmiş malın dükandan çıxarılması prosesi, təxminən, belədir:

-yoxlayıcı orqanlar məhsulu müəyyən etdikdən sonra çıxararaq satıcıya həmin məhsulu məhv edib akt verməyi tapşırır.

-Satıcı isə onu distributora qaytarır, o da təşkil olunmuş alqoritmlə qapağındadırsa, qapağını dəyişdirirlər və s.

Ona görə biz həmişə təklif etmişik ki, dövlət orqanları ilə bir MMC yaranmalı, müqavilə bağlanmalı və gündə on tonlarla yararlılıq müddəti keçmiş məhsul həmin MMC tərəfindən yığılmalıdır. Mənim ofisimə gələn bir adam deyir ki, mən gündəlik satışdan çıxmış yararlılıq müddəti keçmiş malları yığmağa hazıram, çünki onun başqa biznesi var. Çox təəssüflər olsun ki, bu sahədə ciddi qeyri-şəffaflıqdır. Dörd gün bundan öncə Azad İstehlakçılar Birliyinin sədri və AQTA-nın yanında ictimai şuranın üzvü olaraq AQTA-nın sədri Qoşqar Təhməzli ilə görüş keçirildi. Qoşqar Təhməzli dedi ki, məhvedilmə presaduru olanda ictimai şuranın üzvlərini dəvət edəcəyik. Lakin hələ də elə bir məsələ olmayıb. Müvafiq qanunvericiliyə görə yararlılıq müddəti keçmiş məhsulun satışı qadağandır, hətta hər hansı marketdən bir dənə belə məhsul tapılarsa, 1500 manat cərimə olunur”.

Eyyub Hüseynov qeyd edib ki, təəssüf ki, dövlətin bu qanunu effektiv şəkildə yerinə yetirilmir:

“Biz AİB olaraq dəfələrlə təklif etmişik ki, əgər hökumət və biznes qurumlarının istehlakçıların sağlamlığına olan münasibətləri səmimidirsə, buyursunlar, ölkədə xüsusi proqram var. Həmin proqram satış şəbəkələrinin kompüterinə yüklənir və çıxışda vaxtı keçmiş məhsul istehlakçıya getmir. Həmçinin, həmin proqram AQTA-nın serverinə inteqrasiya olduğu üçün hansı marketdə hansı məhsulun nə qədər yararlılıq müddəti qaldığını bilmək olur. Buyursunlar, onu tədbiq etsinlər. Lakin, təəssüflər olsun ki, tədbiq edilən müasir texnologiyaların hamısı istehlakçıların zərərinə olur. AİB bu mövqe ilə razı deyil, düşünürük ki, ölkədə mükəmməl istehlakçı siyasəti formalaşmalı, istehlakçı hüquqlarını qoruyan dövlət orqanlarına əlavə imtiyazlar verilməlidir. Azərbaycan hökuməti biznes qurumunun ərkəsöyün obrazını yaratmaqdan əl çəkməlidir. Üç il bundan öncə biznesmen Abdulbari Gözəl bir yığıncaqdakı ictimai çıxışında qeyd etdi ki, dövlət orqanlarının bizneslə məşğul olması yolverilməzdir. Bu sözünə görə onu topa-tüfəngə tutdular. Nə qədər ki, ölkədə biznes qurumlarının arxasında məmurlar durur, vəziyyət bundan da ağır olacaq. Bu gün bir klinikanın 4-cü mərtəbəsində şəkil çəkib Feysbuk səhifəmdə paylaşmışam. Klinikalarda həkimlərin növbəsində duranların sayı hədsiz, apteklər şəbəkəsini sonsuzdur. Gəncədə 400 metrlik küçədə 20 aptek saydım, Bakıda da bu cürdür. Şübhəsiz ki, burda başqa amillərlə yanaşı vaxtıkeçmiş qidaların insanlara yedizdirilməsinin rolu var. Düşünürəm ki, bunlar tədqiq olunmalı və bu məsələyə son qoyulmalıdır. Onu da qeyd edim ki, ÜST-ün, Dünya Ərzaq proqramının və s. Beynəlxalq qurumların insan ömrünü uzatmağa dair çağırışları, səfeh, yalan və aldadıcıdır. İnsanın sağlamlığı və uzunömürlülüyü yalnız özünə lazımdır. Heç bir ölkənin kralı istəmir ki, onun ölkəsində 80% pensiyaçı olub dövlət büdcəsindən yesin. Bunu da anlamalıyıq. Ona görə də, gərək istehlakçılar özünü ciddi şəkildə qorusun”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR