Xəbər verdiyimiz kimi, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Azneft" İB-nin işçilərin təhlükəsizliyinin və sağlamlığının təmin olunmadığını iddia edib. O, İstehsalat Birliyinin işçilər üçün sağlam iş şəraiti yaratmadığını və dəniz obyektlərində çalışan işçilərin sosial şəraitinin yaxşılaşdırılması üçün ayrılmış vəsaitin istiqamət üzrə xərclənmədiyini vurğulayıb.
Bəs bu iddialara SOCAR-ın cavabı nədir?
Mövzu ilə bağlı SOCAR-ın mətbuat katibi İbrahim Əhmədovun Bakıvaxtı.az-a cavabı orijinal olub. O bildirib ki, hüquq müdafiəçisinin iddialarının media tərəfindən araşdırılması başadüşülən deyil. Bu səbəbdən də SOCAR sözçüsü konkret faktlarla deyil, ümumi danışmaqla kifayətlənib.
O bildirib ki, SOCAR işçiləri ümumi sığortadan əlavə, SOCAR-ın tibbi sığortası ilə təmin olunublar:
“Dəniz obyektlərində işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi olaraq, tikinti və bərpa işləri görülür. Neft Daşlarında isə, əlavə olaraq, yaşıllaşdırma işləri də aparılıb. SOCAR-ın hər hansı bir əməkdaşında iş şəraiti ilə bağlı narahatlıq və ya problem yaranırsa, öz xətti rəhbərinə və ya birbaşa şirkətin korporativ saytı üzərindən şirkətin rəhbərliyinə müraciət etməlidir və onun müraciət araşdırılacaq, nöqsanlar aşkar edilsə, nəzərdə tutulan büdcə çərçivəsindən aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək”.
Aytac Aslan
















