• Bakı 23° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB

 

MƏDƏNİYYƏT-ŞOU

24 May 2024 | 17:07

Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB 

Mədəniyyət Nazirliyi Xalq artisti, aktyor Tofiq Mövləvinin vəfatı ilə bağlı nekroloq yayıb.

Bakıvaxtı.az xəbər verir ki, nekroloqda deyilir:

    “Azərbaycanın teatr ictimaiyyətinə ağır itki üz verib. Uzun illər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmiş tanınmış aktyor, Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Mövləvi 24 may 2024-cü il tarixində, ömrünün 86-cı ilində vəfat edib.

    Tofiq Mövləvi 1 iyul 1938-ci ildə Naxçıvan şəhərində teatr aktyoru və rejissoru Səməd Mövləvinin ailəsində dünyaya göz açıb. Böyüdüyü mühit onu səhnə sənətinə qırılmaz tellərlə bağlayıb. O hələ Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə təhsil aldığı illərdə Naxçıvan teatrında kiçik rollar oynayıb. 1954-cü ildən taleyini Naxçıvan səhnəsinə bağlayıb. 2014-cü ilədək – 60 il burada çalışıb, Azərbaycan və dünya dramaturqlarının əsərləri əsasında hazırlanan tamaşalardan 100-dən çox müxtəlif xarakterli obraza həyat verib. Onun “Qız atası”, “Şeyx Sənan”, “Ana”, “O olmasın, bu olsun”, “Atabəylər” və başqa əsərlərdə bir-birindən maraqlı rollar oynayıb. Özünəməxsus ifa manerası, səhnə mədəniyyəti ilə böyük tamaşaçı sevgisi qazanıb.

    Tofiq Mövləvi eyni zamanda Naxçıvan Xalq teatrında “Gənclik” studiyası yaradıb, həvəskar gəncləri cəlb edərək maraqlı tamaşalar hazırlayıb. Hazırda muxtar respublikada teatr sahəsində yaxşı tanınan Xalq artistləri Şirzad Abutalıbov, Kamran Quliyev, Yasəmən Ramazanova ilk səhnə addımlarını məhz Tofiq Mövləvinin studiyasında atıblar.

    Səhnə fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən Tofiq Mövləvi 1974-cü ildə muxtar respublikanın, 1987-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”i, 2008-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

    Mədəniyyət Nazirliyinin kollektivi tanınmış səhnə xadiminin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

    Allah rəhmət eləsin”.

    ***

    16:35

    Azərbaycanın Xalq artisti vəfat edib.

    Bakıvaxtı.az xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, aktyor-rejissor Tofiq Mövləvi bu gün vəfat edib.APA


    SON XƏBƏRLƏR

    21 Iyun 2024