Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.
Bəs general-mayor rütbəsi alan hərbi qulluqçular kimlərdir?
Bakıvaxtı.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ali hərbi rütbə verilən polkovniklərdən İdris Məhərrəmov Azərbaycan Ordusunun 3-cü Ordu Korpusunda korpus komandirinin müavini-qərargah rəisi vəzifəsində çalışır. Uzun müddət Naxçıvan Muxtar Respublikasında yuxarı rəis heyəti vəzifələrin icra edib, hərbi hissə komandiri olub. Bir müddət Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Tədris Baş İdarəsində çalışıb. O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində ali hərbi təhsilini tamamlayıb. Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunudur. Əslən Qubadlı rayonundandır.
General-mayor rütbəsi verilən digər hərbi qulluqçulardan biri olan Elgün Əliyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisidir. Uzun müddət tabor komandiri, hərbi hissələrdən birinin qərərgah rəisi kimi fəaliyyət göstərib.
Rütbəsi artırılan Vasif Xəlilov isə Müdafiə Nazirliyinin Rabitə baş idarəsinin rəisidir. O da İdris Məhərrəmov kimi 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbindən məzun olaraq "leytenant" hərbi rütbəsi ilə təltif edilib. Uzun müddət rabitə qoşunlarında müxtəlif vəzifələrdə xidmət edib. Qeyd edək ki, onun qardaşı da zabitdir. Polkovnik Nazif Xəlilov isə Heydər Əliyev adına Hərbi İnstitutunun qərərgah rəisidir. Vasif Xəlilov əslən Qubalıdır.
Elnur Kazımov isə Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb.O, ədliyyə general-mayoru, 2022-ci ilədək hərbi prokurorun müavini olmuş Rasim Kazımovun qardaşıdır. Elnur Kazımov Bakı Ali Birləşmiş Komandirlər Məktəbindən 1998-ci ildə məzun olub.
Əli Hüseynov