Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşdən əvvəl Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə mövqelərini razılaşdırdığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.
“Əsas məqsədimiz Ukrayna və bütün Avropa üçün etibarlı və davamlı sülhdür. Bütün görüşlərimizin dinamikasının məhz bu nəticəyə gətirib çıxarması vacibdir”, - Ukrayna lideri qeyd edib.
Zelenski qətllərin dayandırılmasının vacibliyini vurğulayıb, etibarlı və ləyaqətli sülhün bərqərar olması üçün çalışan tərəfdaşlara təşəkkür edib.
“Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə birlikdə Prezident Trampla görüşdən əvvəl mövqelərimizi razılaşdırdıq. Ukrayna real atəşkəsə və yeni təhlükəsizlik arxitekturasının yaradılmasına hazırdır. Bizə sülh lazımdır”, - Ukrayna prezidenti bildirib.
***
19:32
Ukrayna lideri Volodimir Zelenski amerikalı prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə getməzdən əvvəl Vaşinqtonda Avropa liderləri ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.
Məlumata görə, görüşlər Ukrayna səfirliyinin binasında keçirilir. Liderlərlə danışıqların müxtəlif vaxtlarda baş tutacağı gözlənilir. Agentliyin məlumatına görə, Zelenskinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, NATO-nun Baş katibi Mark Rutte, Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya və İtaliyanın baş nazirləri Kir Starmer və Corcia Meloni, həmçinin Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşləri nəzərdə tutulub.
Bundan əvvəl Zelenski ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb.
Ağ Evin məlumatına görə, Trampın əvvəlcə Zelenski ilə bir saat danışması, sonra isə Avropa liderlərini qəbul etməsi planlaşdırılır.