Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasında xəsarət alanların durumu açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilir ki, mənzildə baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.
İlkin məlumata görə, 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.
***22:31
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***22:02
Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı iki nəfər Yanıq Mərkəzinə yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yanıq Mərkəzindən məlumat verilib.
***21:57
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış olması barədə ilkin məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.
***21:37
Xırdalanda yaşayış binasında partlayış olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə AAF Park Yaşayış kompleksində olub.
İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.(apa)
















