• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

 “Yaradıcı insanların məzuniyyətə çıxmalarını qəbul edə bilmirəm” - Əməkdar artist Şövqü Hüseynov

MÜSAHİBƏ

18 Avqust 2022 | 17:26

 “Yaradıcı insanların məzuniyyətə çıxmalarını qəbul edə bilmirəm” - Əməkdar artist Şövqü Hüseynov

Avqustun qızmar günlərində, teatrların məzuniyyətdə olduğu, teleserialların “sezon finalı”na çıxdığı, tələbələrin tətilə getdiyi dövrdə də istirahət nə olduğunu bilmir. Yenə yol üstədir, Bakıvaxtı.az-a müsahibəsindən bir neçə saat sonra hava limanına çatmalıdır, Bakı-Moskva aviareysinə tələsir. Rusiya paytaxtından da avtomobillə İvanova vilayətinin Kneşma şəhərinə gedəcək. Təbii ki, dincəlməyə yox, beynəlxalq festivalda tamaşa oynamağa.

Söhbət təkcə istedadı ilə deyil, həm də zəhmətsevərliyi, əzmkarlığı ilə də seçilən Əməkdar artist, “Zirvə” mükafatı laureatı, Dövlət Gənc Tamaşaçılar Teatrının və Akademik Musiqili Teatrının aktyoru, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Şövqi Hüseynovdan gedir.

Dincəlməyə, istirahətə getməyə vaxt yoxdur

- Şövqi bəy, gərgin teatr mövsümündən sonra da deyəsən, dincəlməyə vaxt yoxdur...

- Dincəlməyə, istirahətə getməyə həqiqətən də vaxt yoxdur və bu vəziyyət sözün açığı, məni sevindirir. Bir neçə gün öncə 50 yaşım tamam oldu, həmin günü də çəkiliş meydançanda keçirdim. Yaradıcı adam üçün bundan gözəl nə ola bilər ki?

Mənim düşüncəmə görə, aktyor səhnədə, çəkiliş meydançasında yaradıcılıqla məşğul olanda dincəlir. Kamera Teatrında çalışanda digər kollektivlərdə olduğu kimi, bizi də avqusta məzuniyyətə göndərib teatrı plomblayırdılar. Mən həmin plombları qırıb səhnədə məşqlər edirdim, hər dəfə direktor müavini raport yazırdı. Hətta bir dəfə bununla bağlı iclas da çağırıldı, söz alıb çıxış elədim, dedim ki, bir ay səhnədən necə uzaq qalım, bu müddətdə nə edim? Həqiqətən də mən yaradıcı insanların məzuniyyətə çıxmalarını qəbul edə bilmirəm. Təsəvvür edin ki, şair dəftər-qələmini qoyur bir kənara, deyir mən məzuniyyətdəyəm. Bütün həmkarlarım adından danışa bilmərəm, amma öz adımdan deyirəm ki, teatrda məşq edəndə, tamaşa oynayanda daha çox dincəlirəm.

- Artıq neçə ildir ki, tamaşaçılar sizi həm Dövlət Gənc Tamaşaçılar Teatrının, həm də Akademik Musiqili Teatrının tamaşalarında müxtəlif obrazlarda görürlər. Ötən mövsüm Akademik Milli Dram Teatrına da dəvət olundunuz və “İsgəndərə yeni namə” tamaşasında rol aldınız. Başqa teatrlardan da dəvətlər var?

- “İsgəndərə yeni namə” dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı elan edilən “Nizami ili” çərçivəsində ərsəyə gələn maraqlı bir layihə idi. İlqar Fəhminin səhnələşdirdiyi əsərə Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə orijinal bir quruluş vermişdi və mənə də Xızır obrazını həvalə etmişdi. Bütün yaradıcı heyət həvəslə işlədi, sonda da baxımlı bir iş ərsəyə gəldi.

Digər teatrlardan dəvətlərə gəlincə, bəli, təkliflər var.

- Daha konkret desək...

- Şuşa Dövlət Musiqili Dram Teatrının və İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbərləri ilə söhbətlərimiz olub, fikir mübadiləsi aparmışıq. Lakin belə hesab edirəm ki, detalları indidən tam açıqlamaq doğru olmaz. Bir neçə beynəlxalq layihə ilə bağlı da təkliflər var, İran İslam Respublikasında müxtəlif ölkələri təmsil edən aktyorlarla “Alma” adlı tarixi mövzuda bir tamaşa hazırlanmalı idi, Azərbaycanda da məni dəvət etmişdilər. Təəssüf ki, araya pandemiya düşdü, ona görə də işlər dayandı. Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə bir müddət öncə Belarus Respublikasında beynəlxalq teatr festivalında iştirak etdik. Festival günlərində Mogilyov şəhərindəki Dram və Komediya Teatrı ilə gələcək əməkdaşlıqla bağlı sənəd imzalandı, həmin sənəddə müştərək tamaşaların hazırlanması, iki teatr arasında aktyor mübadiləsi və s. məsələlər nəzərdə tutulub.

Ümumiyyətlə, mən belə beynəlxalq layihələrdə teatrların, ayrı-ayrı aktyorların iştirakını gərəkli sayıram və alqışlayıram. Sənət adamına bu məsələlər çox şey verir, müasir dillə desək, aktyor sanki format olunur.

Tamaşaçılar da, sənət adamları da teatr bayramları üçün darıxıb

- Bilirəm ki, sizin bir əsərin festivalının keçirilməsi ilə bağlı bir ideyanız var idi. Bu istəyi həyata keçirə biləcəksiniz?

- Həqiqətən də istəyirəm ki, hər hansı bir əsərə müxtəlif teatrlarımız müraciət etsin və həmin səhnə quruluşları bir festival çərçivəsində nümayiş etdirilsin. Fərqli rejissor yozumları, aktyor oyunu ortaya qoyulsun, festival çərçivəsində müzakirələr keçirilsin. İdeyamı Teatr Xadimləri İttifaqının rəhbərliyi ilə müzakirə etmişəm. Çox inanıram ki, həm Mədəniyyət Nazirliyi, həm də TXİ bu layihəyə dəstək verəcək və bu arzumu reallaşdıra biləcəyik.

Nəzərə alaq ki, Azərbaycanın teatr festivalları keçirmək təcrübəsi yetərincədir. Koronavirus pandemiyasından öncəki illərdə bizdə müxtəlif və yetərincə maraqlı teatr festivalları keçirilib. Yaxın zamanlarda bu festivalların yenidən bərpa olunacağına əminəm. Çünki Bakı da, tamaşaçılar da, sənət adamları özləri də belə festivallar, teatr bayramları üçün darıxıb.

Əsl rejissor aktyora, aktyor da rejissora inanmalıdır

- Teatr aktyorları adətən despot rejissorlarla işləməyi xoşlamırlar. Özləri bunu etiraf etməsələr belə...

- Şəxsən mənə belə rejissor rast gəlməyib, necə deyərlər, beləsini görməmişəm. Və belə hesab edirəm ki, iş prosesində özünü despot kimi aparmaq istəyən rejissor əslində rejissorluqla məşğul olmur. Əsl rejissor seçdiyi aktyora mütləq etibar etməli, inanmalıdır.

- Bəs aktyor?

- Aktyor da işlədiyi rejissora etibar etməlidir. Qarşılıqlı inam olmasa heç nə alınmayacaq. Əgər rejissor mənə inanıb etibar eləmirsə, məcbur edirsə ki, onun dediyi kimi oynayım, onu istənilən adamla edə bilər, peşəkar aktyor onun nəyinə lazımdır? Rejissor yaradıcılıq axtarışları aparmaq üçün aktyora mütləq şərait yaratmalıdır. Mədəniyyət və İncəsənət Universitetində dərs dediyim tələbələrə də bunu öyrətməyə çalışıram. Güclü rejissorun necə deyərlər, əlinin altında doğru-düzgün variant var, bu mütləqdir, amma o imkan verməlidir ki, aktyor da bir neçə variantı özü düşünsün, tapsın.

- Yeni teatr mövsümünə yeni baş rejissorla başlayırsınız. Gözləntiləriniz necədir?

- Gənc Tamaşaçılar Teatrının yeni baş rejissoru Mehriban Ələkbərzadə ilə bir neçə tamaşada birgə çalışmışıq, onun necə istedadlı rejissor olduğunu, işinə necə ciddiyyətlə yanaşdığını yaxşı bilirəm, düşünürəm Mehriban xanım da mənim bir aktyor kimi imkanlarıma bələddir. Bu baxımdan təkcə bizim kollektiv üçün deyil, milli teatrımızın adına uğurlu işlər görə biləcəyik.

Mətbuatdan da məlum olduğu ki, baş rejissorumuz işçi adı “Vətən xainlərinin arvadları” olan pyesinə quruluş verir. Mən də daxil olmaqla teatrımızın demək olar ki, bütün aktyorları - təxminən 80 aktyor bu tamaşada rol alıb. Masaarxası məşqləri tamamlamışıq, məzuniyyətdən döndükdən sonra səhnədə məşqlərə başlayacağıq.

Xalq artisti, ustadım Cənnət Səlimova ilə birgə Jan Batist Molyerin “Skapenin kələkləri” əsərinə quruluş verəcəyik. Bu ölməz komediya mənim üçün çox doğmadır, çünki Cənnət xanım 1991-ci ildə Kamera Teatrında bu əsərə quruluş verəndə mənə Skapeni həvalə etmişdi və 2008-ci ilə qədər həmin tamaşa çox uğurla oynanılırdı. Yeni mövsümdə Cənnət xanımla bu komediyanı yeni bir quruluşda hazırlayacağıq. Teatrımızda çox istedadlı gənclər var və biz onların potensialından yararlanacağıq. Dövlət Akademik Musiqili Teatrında isə “Kimyagər” tamaşasında özümü Molla İbrahim Xəlili obrazında sınayacam. Səyavuş Kəriminin və Əjdər Olun Mirzə Fətəli Axundovun “Hekayəti Molla İbrahim Xəlil kimyagər” komediyası əsasında yazdıqları bu əsərə Əməkdar İncəsənət xadimi Bəhram Osmanov bir neçə il bundan əvvəl quruluş vermişdi. Müxtəlif səbəblərdən tamaşa oynanılmırdı, mövsüm başlayan kimi bu əsərin də bərpa məşqlərinə start veriləcək. Bəhram bəylə istəyimiz odur ki, tam bir fərqi Molla İbrahim Xəlil təqdim edək.

Aktyorun yaradıcılıq imkanları və inkişafı barədə rejissor düşünməlidir

- Söhbətimizin əvvəlində qeyd elədiniz yubileyi də çəkiliş meydançasında keçirmisiniz...

- İstedadlı kino rejissorumuz Yavər Rzayev Azərbaycan tarixində önəmli rol oynamış Mehmandarovlardan biri- Əbdülkərim bəy Mehmandarov haqqında bədii-sənədli bir film çəkir. Əbdülkərim bəy Rusiyada ali tibbi təhsil alıb, hərbi cərrah olub. Film bu maraqlı taleli insanın həyatından, ömür yolundan bəhs edir, Yavər bəy baş rola məni çəkir. Çəkilişlər artıq başa çatıb, yaxın günlərdə səsləndirməyə başlayacağıq. Yavər Rzayevlə çalışmaq mənim üçün çox maraqlı və faydalı oldu.

- Yenə yol üstəsiniz, bu dəfə hansı festivala gedirsiniz?

- Rusiyanın İvanova vilayətinin Kneşma şəhərində ənənəvi keçirilən “Ostrovski-Fest” Beynəlxalq Teatr festivalına gedirəm. Kneşma çox teatral şəhəridir, orda il ərzində həm “Ostrovski-Fest”, həm də “Qaynar ürəklər” festivalları keçirilir, dünyanın müxtəlif teatrlarından tanınmış aktyorlar, rejissorlar gəlirlər. Mən hər iki festivalda iştirak etmişəm, müxtəlif nominasiyalarda qalib seçilmişəm, necə deyərlər, oradakı mühiti yaxşı bilirəm. Bu dəfə festivalda “Utancaq qız” mono tamaşasını təqdim edəcəm. Rusiyada, Dostoyevskinin əsərini rus dilində oynayacam.

- Bu 50 ildə sənətdə çox şeyə nail olmusunuz, titullu və tanınmış aktyor, pedaqoqsunuz. Tələbə Şövqi hədəflərinə çatıb?

- Tam səmimi deyim ki, tələbəlik illərində populyar olmaq, fəxri ad almaq, məşhur əsərlərdə baş rollar oynamaq kimi bir arzum olmayıb. Hər zaman fikirləşmişəm ki, aktyorun yaradıcılıq imkanları və inkişafı barədə rejissor düşünməlidir. 50 yaşlı Şövqi yenə də o düşüncədədir.

Etibar Cəbrayıloğlu


SON XƏBƏRLƏR