Xətai rayonu, General Əliağa Şıxlinski küçəsinin sakinləri su qıtlığından əziyyət çəkirlər.
Bununla bağlı sakin Aynurə Quliyeva Bakıvaxtı.az-a şikayət ünvanlayıb.
General Əliağa Şıxlinski küçəsi, bina 38 ünvanında yaşayan şikayətçinin sözlərinə görə, sözügedən əraziyə verilən suyun zəif təzyiqli olması sakinlər üçün ciddi problem yaradır. Belə ki, suyun normadan aşağı səviyyədə verilməsi su qızdırıcılarının belə işləməsinə əngəl törədir.
“Suyun zəif təzyiqli olması ilə yanaşı, digər problem suyun verilmə vaxtı ilə bağlıdır. Hazırda suyun verilmə qrafiki səhər saatlarında 06:00-dan 12:00-a kimi, axşam saatlarında isə 18:00-dan 23:00 radələrinə qədərdir. Halbuki əvvəllər su səhər saatlarında 13:00-a və axşam saatlarında 01:00-a kimi verilirdi. İndiki halda suyun verilmə vaxtının azaldılmasının səbəbi məlum olmasa da, bu vəziyyət sakinlər üçün əlavə çətinlik yaradır” - deyə şikayətçi qeyd edib.
Su problemindən gileylənən şikayətçi bu vəziyyətin təkcə bina 38-də deyil, eyni zamanda bina 36 və 40-da yaşandığını bildirir. Bu baxımdan kifayət qədər sakinləri olan bu binalara suyun normal səviyyədə verilməməsi hər kəsi narahat edir. Nəzərə alsaq ki, qarşıdan isti yay günləri gəlir və suya tələbat daha çox artır. Bu halda sakinlərin üzləşdiyi problem qarşıdakı aylarda onları daha da çətin vəziyyətə salacaq.
A.Quliyeva vurğulayıb ki, üzləşdikləri problemlə bağlı Xətai rayonu Su İdarəsinə dəfələrlə müraciət etsələr də, cəhdləri uğursuz alınıb:
“Çox təəssüf ki, müvafiq qurum problemimizə laqeyd yanaşır. Narazılıqlarımıza baxmayaraq, bizə kömək edilmir. Əslində tək istəyimiz suyun təzyiqinin artırılması və səhər saatlarında verilən vaxtın əvvəlki qrafiklə tənzimlənməsidir”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə suyun verilməsi müvafiq qrafik rejiminə uyğun tənzimlənir:
“Hidroqrafik rejimlərimiz 4-6 atmosfer altındadır. Sözügedən ərazidə suyun səhər və axşam saatlarında qrafikə uyğun verilməsi bütün binalara şamil olunur. Çox güman ki, şikayətçilər suyun verilmədiyi saatlarda su ilə bağlı problem yaşayırlar. Çünki qrafikə uyğun vaxtlarda suyun verilməsi yüksək təzyiqlə təmin olunub”.
Problemlə bağlı Xətai rayonu Su İdarəsi də suyun verilməsində heç bir problemin olmadığını vurğulayıb.
İdarədən Bakıvaxtı.az-a bildirilib ki, yaşayış binalarında suyun verilməsi qrafikə uyğun və yüksək təzyiq altında tənzimlənir.
Gülşən Şərif
















