Xəbər verdiyimiz kimi, son günlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) növbəti dalğanın daha ağır olacağı ilə bağlı xəbərdarlıqlar edir və bütün ölkələri tədbirlər görməyə çağırır.
Son günlər Azərbaycanda da bu virusa yoluxanların sayı xeyli artıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi son məlumata görə, dünən 102 nəfər koronavirusa yoluxub. Öncəki günlərə nəzər salsaq, yeni yoluxanların sayı 300-ü keçir.
Yoluxmanın hansı mərhələsində sərt karantin rejimi tətbiq olunmalıdır ki, yoluxanların sayı daha da artmasın?
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, dövlət tərəfindən karantin qaydalarının sərtləşdirilməsi, məhdudiyyətlərə gedilməsi, adətən, nə aktiv xəstə sayının çoxluğu, nə də yoluxmaların artması ilə bağlı olur: “Karantin qaydalarının sərtləşdirilməsi dövlətin ziyanınadır, çünki həm iqtisadi tərəfdən, həm də insanların maddi rifahı baxımından bu dövlətə xeyir gətirən bir şey deyil. Ona görə, yalnız dövlət məcburiyyət qarşısında qalarsa, karantin qaydaları sərtləşdirilir. Bu, daha çox xəstəxana şəraiti tələb olunan xəstələrin şəraitindən asılıdır. Yəni Azərbaycan xəstəxanalarında palata və reanimasiyaların müəyyən qədər xəstə tutumu qabiliyyəti var, limitsiz deyil. Bu xəstəxanalar dolarsa, karantin qaydalarının sərtləşdirilməsinə məcburi olaraq gedilir. Hazırda aktiv xəstə sayı artmağa doğru getsə də, gündəlik yoluxma sayı artsa da, çox şükür ki, xəstəxanalarımız boşdur. Buna görə, hələki karantin qaydalarının sərtləşdirilməsinə doğru gedilməsi gözlənilən deyil. Təbii ki, iqtisadiyyata ziyan vurmayan lokal məhdudlaşmalar ola bilər”.
İnfeksionist onu da qeyd edib ki, maska taxılması gündəmə gələ bilər: “Payıza doğru mütləqdir ki, avtobus, iri ticarət mərkəzləri, sıx təmas olunan yerlərdə maskalar taxılsın. Maska tənəffüs yollarını qoruyan əsas vasitələrdən biridir. Digər tərəfdən, başqa kiçik məhdudlaşmalar və ya tədbirlər ola bilər, amma çox ciddi şeylərin olacağını gözləmirəm. Bu il dalğalar əvvəlkilərdən fərqli olmalıdır, çünki bizdə kollektiv immunitet formalaşıb. Yəni, demək olar, aktiv əhali içərisindən hər kəs bu virusla təmasda olub, ya da peyvənd olunub. Bu səbəbdn, həmin şəxslərin ikinci dəfə yoluxması, ağırlaşma, xəstəxana şəraiti tələb etməsi gözlənilmir. Xüsusən də, xəstəliyə bir dəfə yoluxub sağalanlar ikinci dəfə ağır keçirə bilməz. Yalnız risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslər üçün problem yarana bilər. Bunun üçün də, peyvənd olunmaları tövsiyyə olunur. Yaşlı şəxslərdən kimsə xəstəliyə yoluxmayıb, amma peyvənd olunubsa, yenidən peyvənd olunmalıdır”.
İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, növbəti dalğanın daha ağır olacağı ilə bağlı deyilənlər xəstəliyin ağırlaşması ilə əlaqədar deyil: "Burada söhbət yoluxmaların daha çox olması və çox yoluxma fonunda müxtəlif səhiyyə sisteminə, iqtisadiyyata, insanların sosial həyatına pandemiyanın təsirindən gedir. Bununla yanaşı, yoluxmalar sürətlə artdıqda buna mütanasib olaraq, ağırlaşmış xəstə sayı da artır. Bu da, əsasən, risk qrupunda olan insanlardır. Ona görə də, bu insanları nəzərdə tutaraq yoluxmaların artımının qarşısının alınmasının mütləq olduğu vurğulanır. Xəstəliyin simptomları son dövrdə yüngülləşsə də, qeyd etdiyimiz risk qrupuna aid insanlarda hələ də ciddi ağırlaşma müşahidə oluna bilir".
N.Əzimlinin sözlərinə görə, yoluxmaların artmasının qarşısını almaq üçün müxtəlif tədbirlər görülə bilər: “Karantin rejimi də görülə biləcək tədbirlər içində seçimlərdən biridir. Bunun zamanı barədə müxtəlif fikirlər mövcuddur. Karantin şəraitinə müxtəlif məsələlər nəzərə alınaraq qərar verilir, sadəcə olaraq rəqəmə baxıb yoluxma filan həddə çatdıqda mütləq karantin olmalıdır deyə bir qərar verilə bilməz. Burada hər bir məsələ diqqətə alınaraq səhiyyə qurumları tərəfindən obyektiv bir qərar alınır.
Azərbaycanda, xüsusilə də son aylarda, son bir ildə sərt karantinə gedilməməsi ilə birlikdə vaksinasiyaya diqqətin artırılması, maska tələbi və s. tədbirlərlə yoluxmalardakı artımlar nəzarət altına alına bilib. Lazım olan effekt əldə oluna bilib, səhiyyə sistemini yükdən qorumaq mümkün olub. Ona görə də, hər zaman sərt karantin gündəmə gətirilib, lakin sərt karantinə gedilməyib. Düşünürəm ki, elə bu qaydada davam edilsə, daha uyğun olar, çünki sərt karantinin zərərləri də çoxdur. Lakin, təbii ki, əgər idarəolunmaz bir hədd olar və burada vaksinasiyanın, maska tələbinin effekti yetəri qədər olmazsa, bu zaman sərt karantin də gündəmə gətirilə bilər. İndi üçün isə buna ehtiyac yoxdur”.
Aytac Aslan















