“Azərxalça” ötən ilin hesabatını açıqlayıb. Məlum olub ki, “Azərxalça” 3 milyon 200 min manat xalis zərər edib.
Bakıvaxtı.az-ın məlumatna görə, hesabatı şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, “Azərxalça” ASC-nin satışdan gəlirləri 2020-ci ildə 5 milyon 142 min manat ikən, 2021-ci ildə 1 milyon 607 min manata düşüb (3,2 dəfə azalıb):
“31 Dekabr 2021-ci il tarixində “Azərxalça” ASC-nin yığılmış zərəri 17 milyon 39 min manata çatıb. Bütün bunları nədən xatırlatdım? Diqqətli oxucular və amerikanların yaratdığı google xatırlayır ki, bu təşkilat yaranan ilk gündən məzmunsuz qurum olduğunu israrla söyləmişik. Dövlətin xalça toxumaq kimi bir işə girişməsini mənasız adlandırmışıq, problemin kadrlarda, rəhbərdə deyil də, sistemdə olduğunu söyləmişik. Bir daha qeyd edim, dövlət xalçaçılığı inkişaf etdirmək istəyirsə, mənasız ayrıca bir qurum yaratmamalıdır, büdcədən ona çoxlu pul ayırmamalıdır, həmin pulların yeyilməsinə şərait yaratmamalıdır. Dövlət iqtisadiyyatda ən pis, bərbad oyunçudur, menecerdir”.
N.Cəfərli bildirib ki, dövlət xalçaçılığa sosial və mədəni sahə kimi baxıb inkişaf etdirmək istəyirsə, bunun yolları var:
“Bu işi bacaranlara, xalça toxumaq mədəniyyəti və ənənələri olan ailələrə pulsuz avadanlıqla yardım edir, onları vergidən tam azad edir, uzunmüddətli və faizsiz kredit xətti ayırır vəssalam... Bu zaman pullar göyə, ciblərə sovurulmur, xalçanı bu işi bacaran toxuyur, satmağı bacaranlara verir, onlar da satırlar. Dövlət isə ziyanla işləyən müəssisələrə pul ayırmağa məcbur qalmır, həm də öz sosial məsuliyyətini yerinə yetirərək yeni iş yerlərinin yaranmasına dəstək olur”.
Ekspert qeyd edib ki, bu işin fəlsəfəsi, “kodlaşdırması” belə olmalıdır və bu tək xalçaçılığa aid deyil:
“Bizdə dövlət hər şeylə məşğul olmaq istəyir, xalça da toxuyur, neft də çıxarır, pambıq da əkir, pomidor da yetişdirir, inək də saxlayır. Nəticədə hər yerdə ziyan, hər sahədə bahalıq və bərbad nəticələr görürük. Çünki, dövlət öz vətəndaşına güvənmir, inanmır, biznes məntiqini anlamır, nəzarətdən kənar pul qazana biləcək çevrələrin yaranmasından çəkinir. Bu anormal sovet-dövlət-məmur "kapitalizm" sitemidir...”
Nuranə Daxilqızı
















