• Bakı 21° C

    11.41 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Zəfər yolunda zəriflərin iradəsi: Qadınların orduda xidməti nələr vəd edir?

SİYASƏT

12 Sentyabr 2025 | 13:01

Zəfər yolunda zəriflərin iradəsi: Qadınların orduda xidməti nələr vəd edir?

Azərbaycanda qadınların ordu sıralarına qoşulması tendensiyası ildən-ilə genişlənir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu il Heydər Əliyev adına Hərbi İnstitutda qəbul imtahanlarının nəticələrinə əsasən 60 qadın kursant təhsil almaq hüququ qazanıb. Bundan əlavə Hərbi Tibb Fakültəsində də zərif cinsin nümayəndələri kursant adını şərəflə daşıyır. 

Yeni qəbul olunan kursantlar hərbi intizam və peşəkar hazırlıqla yanaşı, müxtəlif ixtisaslar üzrə zabit kimi yetişdiriləcəklər. Bu, qadınların ölkə müdafiəsinə verdiyi töhfələrin artdığını göstərməklə yanaşı, Azərbaycan Ordusunun kadr potensialının daha da zənginləşməsinə xidmət edir.

Bəs qadın hərbi qulluqçuların sayının artması ordumuz üçün nələr vəd edir? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-la həmsöhbət olan Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas bildirib ki, Azərbaycanda hər zaman bərabərhüquqlu yanaşma ön plandadır və bu hərbi sahədə də özünü göstərir: 

"Bu il Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunan 60 qadın kursantın sayı ölkəmizdə qadınların orduda rolunun getdikcə artdığının bariz sübutudur. Milli Qəhrəman qadınlarımızın uğurları da nümunədir ki, qadınlar ən çətin sahələrdə belə özlərinə məxsus yeri tuta bilir. Onlar bu yolu seçərək orduda yalnız nizam-intizamın və peşəkarlığın simvolu olmaqla qalmır, həm də mədəniyyət, gözəllik və insanlığa xas incəliyi xidmət mühitinə gətirirlər".

Aqil Abbas: Qadınlar yalnız evdə və sosial sahələrdə deyil, vətən qoruyucusu kimi ön cəbhədə də güclüdürlər

Onun sözlərinə görə, qadınların ordu sıralarına qoşulması yalnız say artımı demək deyil: 

"Onların iştirakı komandir xətti üzrə ixtisaslaşan zabitlər kimi yeni baxış, empatiya və strateji düşüncə qabiliyyətini gücləndirir. Qadın hərbi qulluqçuların nizam-intizamlı və məsuliyyətli yanaşması hərbi kollektivin həm mənəvi, həm də operativ gücünü artırır. Bu, həm də cəmiyyət üçün bir mesajdır: qadınlar yalnız evdə və sosial sahələrdə deyil, eləcə də vətən qoruyucusu kimi ön cəbhədə də güclüdürlər".

Parlament üzvü əlavə edib ki, onların xidmətdə olması idarəçi heyətə yeni dinamizm qatır, kollektivdə həmrəylik və qarşılıqlı hörmət atmosferini gücləndirir, gənc kursantlara nümunə olur:

"Qadın hərbi qulluqçuların orduda artması təkcə hərbi qüvvələrin gücünü artırmır, həm də Azərbaycan cəmiyyətində bərabərlik və qadınların peşəkar sahələrdə rolunun genişləndirilməsi ideyasını daha da möhkəmləndirir. Onların xidməti həm ordumuzu, həm də ölkəmizi daha güclü və mütəşəkkil edir".

Əli Hüseynov


SON XƏBƏRLƏR