Xalq artisti Arif Babayev I Fəxri xiyabanda dəfn olunub.
Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Ardınca cənazə dəfn olunmaq üçün Fəxri xiyabana aparılıb.
Dəfn mərasimində mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri, mərhumun sənət yoldaşları, ailə üzvləri, mədəni-ictimai xadimlər iştirak ediblər.
***
13:58
Beynəlxalq Muğam mərkəzində Xalq artisti Arif Babayevla vida mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Xalq artistinin ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Arif Babayevin ölüm xəbəri hər kəsi sarsıdıb: "Bütün dünyada yaşayan azərbaycanlıların sevimlisi Arif Babayevi itirdik. Arif Babayevin vəfatı ilə əlaqədar qonşu dövlətlərdən başsağlığıları alırıq. Bu gün hamımız üçün çox ağrılı gündür".
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə bildirib ki, Arif Babayev öz sənəti ilə yaşadığımız dövrün hisslərini öz ifasında əks etdirirdi: "Arif müəllimin xatirəsi hər zaman bizim yaddaşımızda yaşayacaq".
Xalq artisti Mənsum İbrahimov çıxışında vurğulayıb ki, Arif müəllim barəsində keçmiş zamanda danışmaq çox çətindir: "Mən bu sənətə Arif Babayevi sevib gəlmişəm, uzun illər eyni səhnəni bölüşmüşük. Arif Babayev elə bir iz qoyub gedib ki, o heç vaxt unudulmayacaq".
Xalq artisti, professor Vamiq Məmmədəliyev qeyd edib ki, Arif Babayev onun dostu olub: “Biz təkcə sənətdə yox, sənətdən kənarda biz dost idik. Arif Babayevin insanlara verdiyi qiymət çox yüksək idi, çox səmimi insan idi. Onun tələbələri də onu çox istəyir, çünki həm sənəti həm də insanlığın yüksək idi".
Sonda Arif Babayevin oğlu Yaşar Babayev vida mərasimdə iştirak edənlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, Arif Babayev Fəxri xiyabanda dəfn ediləcək.
***
12:58
Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edir.
***
12:25
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Bayayev vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, Arif Babayevlə vida mərasimi keçirilir.
***
11:27
Xalq artisti Arif Babayevlə vida mərasiminin yeri və saatı məlum olub.
Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, mərasim saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Daha sonra xanəndə Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. Avqustun 1-i səhər saatlarında vəfat edib.