Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş qanunvericiliyə son dəyişikliklərə əsasən ölkədə əmlakın satışı mexanizmi tamamilə yenidən formalaşdırılır.
Ədliyyə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, yeni dəyişikliklər əmlakı satışa çıxarılan borcluların hüquqlarının müdafiəsini gücləndirir, əmlakın hərrac yolu ilə satışı prosesini tam rəqəmsallaşdırır, əmlakın satışı prosesində şəffaflığı və rəqabətliliyi təmin edir. Bu da ümumilikdə icra prosesinin effektivliyinin artırılmasını hədəfləyir.
Belə ki, ilk növbədə borclunun özünə əmlakın satılması üçün şərait yaradılır, ona qanunla nəzərdə tutulmuş qaydada əmlakı açıq bazar şəraitində daha yüksək qiymətə satmaq imkanı verilir. Borclu bu hüquqdan istifadə etmədikdə əmlak real bazar dəyərində tələbkara təklif olunur. Tələbkar qəbul etmədikdə isə əmlak hər kəs üçün əlçatan olan elektron hərrac vasitəsilə rəqabətli şəraitdə satılır.
Qeyd edilib ki, hərracların tam rəqəmsal formada aparılması, rəqabətli və şəffaf hərrac mühitinin formalaşdırılması, satış prosesinin sürətləndirilməsi nəticə etibarilə həm tələbkarın, həm də borclunun maraqlarının qorunmasına xidmət edir.
Həmçinin dəyişikliklərə əsasən hərrac prosesinə mərkəzləşdirilmiş nəzarət mexanizmi də formalaşacaq.
Bundan başqa hərracdan əldə olunan əmlakların reyestr qeydiyyatı da rəqəmsallaşır. Artıq alıcı əmlakı hərracdan aldıqdan sonra müvafiq protokol daşınmaz əmlak üzərində yaranmış hüququn qeydə alınması üçün inteqrasiya olunmuş sistem vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə göndəriləcək.
Dəyişikliklərə əsasən, borclu satılmış əmlakı təhvil vermədikdə əlavə məhkəmə çəkişməsinə ehtiyac qalmadan əmlakın boşaldılmasına da imkan yaradılır.
Bildirilib ki, yeni mexanizm ümumilikdə ədalətli və effektiv icra mühitinin formalaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.