• Bakı 27° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Bakıda yararsızdır qərarı verilən gənci əsgər aparıblar? - Agentlik məsələyə aydınlıq gətirdi
CƏMİYYƏT
04 Avqust 2026 | 19:59

Bakıda "yararsızdır" qərarı verilən gənci əsgər aparıblar? - Agentlik məsələyə aydınlıq gətirdi

Bakıda hərbi xidmətə çağırılan Amil Əliyevlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov  bildirib ki, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Amil Vaqif oğlu Əliyev 19 iyun 2026-cı il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinədən keçirilib.

Onun sözlərinə görə, müayinə nəticələrinə əsasən, vətəndaşın hazırkı sağlamlıq vəziyyətində müəyyən edilən diaqnozlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq ona hərbi xidmətə çağırışdan möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmayıb.

"Bu səbəbdən də Amil Əliyevin hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilib", - deyə Tural Qurbanov qeyd edib.

***

Səkkiz il əvvəl hərbi xidmətə yararsız hesab edilən, bu il isə yenidən tibbi müayinədən sonra hərbi xidmətə çağırılan gənclə bağlı yeni sənəd ortaya çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-a çağırışçının həyat yoldaşı məlumat verib.

Onun sözlərinə görə, 25 yaşlı Amil Əliyev 2018-ci ildə hərbi-həkim komissiyasından keçərkən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilib. Lakin bu il yenidən tibbi müayinələrdən keçdikdən sonra hərbi xidmətə yararlı sayılaraq iyul çağırışı zamanı xidmətə göndərilib.

İddiaya görə, Amil Əliyevin sol ayağı iki yerdən sınıb və sümüklərdən birinin digərinin üzərinə çıxması nəticəsində ayağında təxminən iki santimetr qısalıq yaranıb. Bundan başqa, onun sol qolunda da problem var.

O, hərbi xidmətə aparılmamışdan əvvəl Oxu.Az-a müraciət edərək qərarla razı olmadığını bildirmişdi:

"Sol ayağım iki yerdən sınıb. Sümüklərdən biri digərinin üzərinə çıxdığı üçün ayağım təxminən iki santimetr qısadır. Bundan əlavə, sol qolumda da problem var. 2018-ci ildə hərbi xidmətə yararsız hesab edilmişdim. Aradan səkkiz il keçdikdən sonra yenidən bütün tibbi komissiyalardan keçdim. Daha sonra mənə hərbi xidmətə yararlı hesab olunduğum və iyul çağırışına cəlb edildiyim bildirildi. Mən bu qərarla razı deyiləm".

Buna baxmayaraq, Amil Əliyev iyulun 28-də hərbi xidmətə yola salınıb.

Çağırışçının həyat yoldaşı bildirib ki, əsgərliyə göndərildikdən sonra aparılan tibbi müayinələrin cavabları artıq gəlib və Amil Əliyevin hərbi xidmətə yararsız olduğu müəyyən edilib.

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin rəsmi sənədində Amil Əliyevə "ətrafların müxtəlif uzunluğu (qazanılma)" və "sol bud sümüyünün post-travmatik cüzi deformasiyası" diaqnozları əsasında "C" kateqoriyası, yəni dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qərarının verildiyi göstərilir.

Oxu.Az məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR