• Bakı 10° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Bayrakları bayrak yapan üstündəki qan deyil - Aqil Abbas yazır
YAZARLAR
05 Avqust 2022 | 17:25

Bayrakları bayrak yapan üstündəki qan deyil - Aqil Abbas yazır

Aqi̇l Abbas

Bu, bir şairin bayrağa sevgisinin poetik tapıntısıdır, vəssalam. Bunu televiziya çıxışlarımda da demişəm, bayrağı bayraq yapan üstündəki qan deyil. Ona qalsa Stalinin də bayrağında qan vardı, Hitlerin də. Amma o qanlar bayraqları bayraq yapa bilmədi. Günlərin birində atdılar ayaqlar altına. Düzdür, indi Putin Stalinin bayrağını yenidən bayraq yapmaq istəyir, amma çox gecdir – pozdno, Rita.

Məmməd Əmin Rəsulzadənin də bayraq haqqında gözəl bir fikri var, uşaq da əzbər bilir: «Bir kərə yüksələn bayraq bir daha yenməz!». Amma bu da bayraq sevgisidir. O qədər yüksələn bayraqları yenən görmüşük ki. Yenə Stalinin, Hitlerin bayraqları… Misal çox çəkmirəm.

Bayraqları bayraq yapan üstündəki qan deyil, bayraqları bayraq yapan onu başının üstündə ucaldan millətdir. Bir kərə yüksələn bayrağı yenməyə qoymayan da millətdir.

Amerika filmlərində çox görmüşük, bayraqlarını çimərlikdə iç tuman kimi geyinirlər. Və yaxud bayraqları ilə hətta ayaqqabılarını təmizləyən də görmüşəm. Day dünyada elə bir ölkə yoxdur ki, ABŞ bayrağını yandırmasın, ayaq altına atmasın, tapdamasın, amma vecinə deyil. Çünki amerikalılar yaxşı bilirlər ki, öz bayraqlarını bir xalq olaraq elə bir yüksəkliyə qaldırıblar ki, onu ordan heç kim yendirə bilməz. Yəni ,bayraqlarından arxayındırlar. Həm də kim onların bayraqlarını tapdalayır, sonradan onlar da həmin ölkənin, dövlətin özünü tapdalayırlar.

Artıq Azərbaycan xalqı da öz bayrağını başının üstünə elə qaldırıb ki, heç bir kəs, heç bir qüvvə onu yendirə bilməz. Bir xalq, bir millət olaraq bunu bacardıq. Möhtərəm Prezident, cənab Ali Baş Komandan bu bayrağı Azərbaycanın ən uca zirvəsində – Şuşada başının üstünə qaldırdı, Şuşanın zirvəsinə sancdı. Oğullar bu bayrağın uğrunda şəhid oldular, amma bayrağı yenməyə qoymadılar. İndi Şuşada dalğalanan bayraq dünyanın hər yerindən görünür.

Millətin hissləri ilə oynamaq üçün kimsə bayrağı stolun üstünə tərsinə asılmış qoyur. Ermənilər özləri yandığından hər gün bayrağımızı yandırırlar, xeyiri yoxdu. İndi bir qrup şərəfsiz Londonda səfirliyimizə hücum edib, bayrağımızı açıb tullayıblar yerə. Bu, təxribatdan başqa bir şey deyil. Sən o bayrağı çıxarıb yerə ata bilərsən, tapdalaya da bilərsən, amma o bayrağı başı üzərinə qaldıran milləti tapdalaya bilməzsən!
Mənim sözüm ingilis hökumətinə və London polisinədir. Özünü dünyanın yiyəsi sayan Britaniya kimi bir dövlətdə bu cür biabırçılıq əslində bizim bayrağın tapdalanması deyil, Britaniyanın, özü də Veliko Britaniyanın bayrağının tapdalanmasıdır. Britaniyanın, özü də Veliko Britaniyanın nüfuzunun tapdalanmasıdır.

Hər bir ölkə ərazisində fəaliyyət göstərən səfirliklərin, diplomatik korpusların toxunulmazlığına cavabdehdir və təminatçıdır.

Azərbaycanda da səfirliklər və diplomatik korpuslar var, Azərbaycan hökuməti də, dövləti də onların toxunulmazlığının təminatçısıdır. Görək Azərbaycanda Azərbaycan polisi belə bir biabırçı hadisənin baş verməsinə biganə qala bilərmi? Qətiyyən! Nəinki hansısa bir ölkənin səfirliyinə hücum etmək olar, bayrağını yendirmək olar, heç icazəsiz həmin binaya yaxınlaşmaq mümkün deyil. Azərbaycan polisi buna qətiyyən yol verməz. Bu, Azərbaycan polisinin həm şərəf işidir, həm də borcudur.

Amma London polisi şərəf və ləyaqətinin borcunu yerinə yetirə bilmədi.

Ağzı olan da konuşuyor. Konuşuyor ki, səfirliyin işçiləri niyə müqavimət göstərmədi, niyə bayrağı qoruya bilmədi? Sadəcə olaraq bu təxribata uymadılar, təxribatın böyüməsinə yol vermədilər. Həm də arxayın idilər ki, Britaniyanın, özü də Veliko Britaniyanın polisi üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək.

Amma Britaniyanın, özü də Veliko Britaniyanın polisi tumanının bağını bir az gec bağladı. Kənardan tamaşaçı kimi izlədi, sonra da guya təxribatı törədənləri tutub yığdı it maşınlarına, apardı. Və yəqin ki, aparıb polis idarəsində cərimələyəcəklər, sonra da buraxacaqlar. Demokratiya, al bu da sənə demokratiya!

Heç bir müsəlman, özü də İmam Hüseyn aşiqləri müqəddəs Məhərrəm ayında belə bir şərəfsizliyə, İmam Hüseyn adının ləkələnməsinə qol qoya bilməz. Bu, muzdla tutulmuş adamların (cübbəsini soyundursanız altından erməni casusu da çıxa bilər, ingilis də, amerikan da) Məhərrəmlik ayında, bu həssas dönəmdə Azərbaycanı məzhəb, savaş alanına çevirmək üçün törətdikləri uğursuz bir təxribatıdır.

Yəqin Azərbaycanın xüsusi xidmət orqanları bu məsələnin araşdırılmasını Britaniyanın, özü də Veliko Britaniyanın polisinin üzərinə qoymaz. İnşallah, xüsusi xidmət orqanlarımız cinayətkarların həm özlərini ifşa edər, həm də bu cinayətin hardan qaynaqlandığını tezliklə üzə çıxarar.

Bu millət 44 günlük müharibədə elə birləşib ki, heç bir təxribat, sosial şəbəkələrdə cahillərin yazdığı qarşılıqlı ittihamlar bu birliyi poza bilməz.

Day Tanrının başı çox qarışdığından Türkü qorumur, indi Türk Tanrını qoruyur.

Türk Tanrını qorusun!

Türk bayrağımızı qorusun və necə ki qoruyur!

P.S. Şair Ramiz Qusarçaylının «Azərbaycan bayrağı» şeirini də çap edib soxuram bu bayrağı sevməyənlərin gözünə.


SON XƏBƏRLƏR