Yaxın Şərqdə eskalasiyaların davam etməsi və Hörmüz boğazında beynəlxalq neft daşımalarının məhdudlaşdırılması fonunda Pakistanın Maliyyə Nazirliyi ölkədə neft ehtiyatlarının yalnız 12 gün üçün kifayət edəcəyini bildirib.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Pakistanın Maliyyə Nazirliyinin məlumatına görə, ölkəyə daxil olan yüklər və planlaşdırılmış idxal hesabına neft ehtiyatları təmin edilir. Qurum həmçinin vurğulayıb ki, neft emalı zavodları optimal səviyyədə fəaliyyət göstərir və benzin, dizel yanacağı, eləcə də neft təchizatı ilə bağlı ümumi vəziyyət hələlik sabit olaraq qalır.
Qeyd edək ki, Pakistanda hazırda enerji təminatı ilə bağlı böhran yaşanır.
Martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki vəziyyət və Fars körfəzi ölkələrindən enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr səbəbindən sərt yanacaq qənaəti tədbirləri tətbiq edib.
Martın 18-dən etibarən ölkədə məktəblərin fəaliyyəti dayandırılıb, ali təhsil müəssisələri isə onlayn tədrisə keçib. Dövlət qurumlarının avtomobil nəqliyyatının yanacaqla təminatı 50 faiz azaldılıb, onların avtoparkından istifadə isə 60 faiz ixtisar edilib.
Enerji resurslarına qənaət məqsədilə dövlət qulluqçularının yarısı distant iş rejiminə keçirilib, bütün dövlət qurumlarında isə dörd günlük iş həftəsi tətbiq olunub.
Bakı 




