• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

İlham Əliyev: Mənim peykim mənim gözlərimdir - Aqil Abbas yazır
YAZARLAR
11 Yanvar 2024 | 14:21

İlham Əliyev: "Mənim peykim mənim gözlərimdir" - Aqil Abbas yazır

Aqi̇l Abbas

Ayın 10-da  Möhtərəm Prezident İlham Əliyev  yerli  televiziya kanallarına müsahibə verdi. İkinci Qarabağ savaşında prezidentin xarici  televiziya kanallarının müxbirlərinə verdiyi  müsahibələri bütün Azərbaycan xalqı çox diqqətlə izləyirdi. Əslində bu müsahibələrdə prezidentin  verdiyi kəskin cavablar qələbəmizin az qala   əlli faizini  təşkil edirdi. 

Müsahibə yerli telekanallara verilsə də, prezidentin cavabları bizə dost olan  və dost olmayan  ölkələrə ciddi mesaj idi. Çünki  prezidentimizin hər çıxışı Avropada, dünyanın bir  çox ölkələrində çox ciddi izlənilir və incələnir. İndi  dost olmayan ölkələr bu müsahibədə onlara sərf edən müəyyən məqamlar axtaracaqlar. Amma tapa bilməyəcəklər, çünki verdiyi cavablarda onlar üçün  heç bir tutalqa yeri  qoymamışdı. Hamısı  açıq mesajlar idi. Və dünyaya bəyan etdi ki, biz müstəqil dövlətik, heç  kim bizim daxili işlərimizə qarışa bilməz.

Prezident İlham Əliyev: «Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən  auditoriyada, istənilən  tədbirdə haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik  ideyalarımızı rəhbər tutmaqda da haqlı idik. Çünki biz müstəqil  ölkəyik. Əgər biz  müstəqil ölkəyiksə, nə üçün kiminsə sözüylə oturub-durmalıyıq?» 

Xüsusilə də son zamanlar Azərbaycan-Ermənistan sülh danışıqlarına  bütün gücü ilə mane  olmaq istəyən Fransanın prezidenti Makrona bu müsahibədə, türklərin sözü olmasın, bir Osmanlı tokatı vurdu: «Bizim ordu quruculuğu  prosesi  davam edəcək. Ermənistan bilməlidir, o, nə qədər silah alsa da, onlara  nə qədər  ürək-dirək versələr də, əgər  bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini  məhv edəcəyik. Mən gizlətmirəm ki, sabah heç kim deməsin  nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın  sınıq-salxaq «Bastyon»  maşınları, o konserv bankaları yox,  real  təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik». 

Prezident onu da bildirdi ki, sülh danışıqları bəzən 20-30 il də  gecikdirilə bilər. Amma bu, Ermənistanı dalana  dirəyər və çıxılmaz vəziyyətə  salar. «Zəngəzur dəhlizi»nin  açılması Ermənistana böyük xeyir verər. Gecikdirərlərsə, biz artıq İranla razılaşmışıq, bu dəhlizi qonşu  ölkənin ərazisindən də keçirə bilərik. Artıq Ağbənddə ilk körpünün təməlqoyma  mərasimi olub, belə bir  körpü  İranla  Ordubad  arasında da tikiləcək. 

Müsahibədə ən maraqlı  məqamlardan birini yenidən xatırlatmaq istəyirəm: «İndi yenə də deyirəm,  bizi ittiham edirlər ki, biz Ermənistana  hücum etmək istəyirik, mən bunu artıq demişəm, bir daha deyirəm, tam səmimiyyətlə, istəsəydik girərdik. Lap axıra qədər gedərdik. Cermux şəhəri – bizim keçmiş, əsl adı İstisu olan şəhər gözümüzün qabağında idi. Kim idi bizi saxlayan?  Bizim niyyətimiz yox idi. Bizim niyyətimiz sərhədimizi müdafiə etmək idi.  Elə təpələr əlimizdə  olmalıydı ki,  biz ermənilərin planlarını gözümüzlə görək. Bu mövzu ilə bağlı bir qərbli qonağımla söhbət əsnasında mənə dedi ki, axı sizin peykiniz var, siz peykdən də görə bilərsiniz. Deyirəm,  mənim peykim mənim gözlərimdir, mən gözlərimlə  görməliyəm. Bir dənə də nahaq iş görməmişik, bu, əsasdır, əsas amildir». 

Müsahibədə diqqət çəkən məqamlardan biri də ermənilərin daşı daş üstə qoymadığı Qarabağın şəhər və kəndlərinin  yenidən  inşa edilməsi və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönməsi idi. Bu il  Xocalıya, Xankəndinə, Şuşaya qayıdış başlayacaq, gələn il isə  Ağdam şəhərinə.  Və iki il müddətinə  140 mindən çox məcburi köçkün öz dədə-baba yurdlarına köçəcəklər. Bizlər üçün, yəni  məcburi köçkünlər üçün bundan  sevindirici xəbər ola bilməz. 

Müsahibə üç saata yaxın çəkdi. Hər bir detal haqqında yazmaq istəmirəm, çünki həmin müsahibəni yenidən saytımıza  yerləşdirirəm. Buyurun, bir də baxın. Və ürəyinizdən keçən bütün suallara  cavab tapacaqsınız.


SON XƏBƏRLƏR