• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

O gecə... - Qalib İbrahimoğlu yazır
YAZARLAR
20 Yanvar 2022 | 17:15

O gecə... - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

... O gecə evdəkilər telefon səsinə yuxudan oyandı. Adətən şər qarışandan sonra heç kəsə zəng etmədiyimizdən, heç kəsdən zəng gəlmədiyindən, qəfil zəng hamını çaş-baş saldı.

Şəhər Komsomol Komitəsində işləyən qardaşım telefonla bir müddət danışdıqdan sonra dədəmlə çölə çıxdılar. Çox çəkmədi geri qayıtdılar və qardaşım Bakıda faciə baş verdiyini, xeyli insanın həlak olduğunu deyərək, işə getdi.

Gedəndə də tapşırdı ki, qonum-qonşuya xəbər edin, ayıq-sayıq olsunlar.

... Bir neçə dəqiqədən sonra artıq bütün qonşular küçədəydi. Heç kəs nə baş verdiyini dəqiqliklə bilmirdi. Qardaşımın qayıtmağını gözləyirdik ki, nə olduğunu ondan öyrənək.

... Artıq rayon camaatı da Sovet ordusunun Bakıda qırğın törətdiyini bilirdi. Elə bil, insanlar əlləri ilə qoyubmuşlar kimi, maşın təkərləri toplayırdı. Hamı şəhərin girişi sayılan Kürün körpüsünə axışırdı. Əliyalın...

... Şənbə günü - ayın 20-də qonşunun toyu idi. Bir gün əvvəldən çadır qurulmuş, içi bəzədilmişdi. Toy olanda hamıdan çox sevinən uşaqlar idi. Gəlin maşınının qarşısını kəsib şirinlik alar, oynayanların başına səpələnən pulları yığardılar. Amma... Amma qonşunun toyu olmadı... Çadır söküldü...

İnsanların ogünkü birliyini bir də 44 günlük Vətən müharibəsində gördüm.  Bizi qələbəyə də məhz o birlik, əzmkarlıq, iradə apardı.

O gecədən 32 il keçir. Və  artıq ikinci ildir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanları ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi anırıq... Və bu, belə də olacaq.

Unutmuruq... Unutdurmuruq...


SON XƏBƏRLƏR

19 Aprel 2024