44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı bir tərəfdən döyüş meydanını, zəfər xəbərlərini izləyir, digər tərəfdən isə Prezident İlham Əliyevin xalqa hər müraciətini səbirsizliklə gözləyirdi. Eyni zamanda, xalqımız dövlət başçısının informasiya savaşının önündə dayanaraq müxtəlif beynəlxalq mətbu orqanlara verdiyi müsahibələri diqqətlə izləyirdi.
Bunu Bakıvaxtı.az-a 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin informasiya savaşındakı rolu və beynəlxalq mətbuata verdiyi müsahibələrdən danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Şəbnəm Həsənova: Bütün güc Azərbaycanın üzərində idi
O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini qətiyyətlə ifadə etməsi hər kəsin yaddaşına həkk olunub:
“Cənab Prezident İlham Əliyevin ittiham xarakterli sualları ustalıqla, məharətlə cavablandırması, beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq olaraq verdiyi cavablar dövlət başçımızın siyasi səriştəsindən, həmçinin liderlik xüsusiyyətlərindən xəbər verirdi.
Bu xüsusda “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibə xüsusi diqqət çəkir. O baxımdan ki, cənab Prezident İlham Əliyev bu müsahibə çərçivəsində bildirdi ki, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Lakin bununla bağlı heç bir addım atılmır.
Bu istiqamətdə Ermənistan tərəfindən beynəlxalq hüquqa açıq şəkildə məhəl qoyulmaması məhz Ermənistanın arxasında dayanan güclərin əməllərinin nəticəsidir. Çünki qəbul edilən qətnamələr kağız üzərində qalır, təcavüzkara praktiki təzyiq edilmirdi və nəticə olaraq münaqişənin uzun çəkməsinə bu kimi amillər səbəb olurdu”.
Politoloqun sözlərinə görə, Azərbaycan hərbi qulluqçular üzrə ilk itkilər verən tərəf olub:
“Həmçinin 76 yaşlı bir kəndlimizin dərhal öldürülməsi Azərbaycanı cavab tədbiri görməyə məcbur etdi.
Dövlət başçımız müsahibə çərçivəsində siyasi arxitekturaya da nəzər yetirdi. Belə ki, Ermənistanda Paşinyanın hakimiyyətə gəldikdən sonra ondan əvvəl baş verənləri əlinin tərsi ilə geri çevirməsi şübhəsiz ki, danışıqları kökündən məhv etdi”.
Müsahibimiz bildirib ki, Nikol Paşinyan zamanında Ermənistanın yeni yaradıcısı kimi davranmaq istəyir, çox böyük siyasi iddialar ortaya qoyurdu. Azərbaycanın qədim torpağı olan Şuşa şəhərində qondarma Dağlıq Qarabağ liderinin qondarma andiçmə mərasiminin təşkil olunması azərbaycanlılara qarşı təhqirdən başqa bir şey deyildi. Azərbaycanlıların heysiyyəti ilə oynayırdılar:
“Livandan, Yaxın Şərqin digər ərazilərindən erməniəsilli insanlar Azərbaycan ərazilərinə köçürülürdülər. Bununla da süni şəkildə demoqrafik vəziyyətin dəyişdirilməsinə çalışılırdı. Hansı ki, bütün bunlar Cenevrə Konvensiyasının kobud şəkildə pozulması demək idi.
Ermənistanın istəyi ondan ibarət idi ki, Azərbaycanla üz-üzə qalan tərəf Ermənistan deyil, qondarma Respublika olsun. Bununla da həmin bu qondarma, separatçı təsisatı legitimləşdirməyə çalışırdılar”.
Ş.Həsənova qeyd edib ki, uzaqgörən Azərbaycan Lideri isə bütün bu planların üzərindən xətt çəkdi. Çünki məhz bu cür addımlar o zamana qədər əldə edilən nəticələrin formal olaraq üzərindən xətt çəkilməsi idi. Zamanında ATƏT-in Minsk Qrupu belə bu kimi hədəflərin mümkünsüzlüyünü bildirmişdi. Lakin bütün güc Azərbaycanın üzərində idi.
Erməni təbliğatının mahiyyət etibarilə çökdürülməsi Azərbaycan Liderinin hərtərəfli siyasətinin nəticəsində baş tutdu. Dövlət başçımız münaqişənin regional münaqişəyə çevrilməsinin qarşısında qəti olaraq dayandı:
“Ermənistanın məqsədi bundan ibarət idi ki, münaqişənin əhatə dairəsini genişləndirərək manevr imkanları əldə etsin.
Ermənistan mediada feyk xəbərlər də tirajlayırdı. Guya Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistanın Su-25 təyyarəsini vurmuşdu. Bununla bağlı isə əldə heç bir sübut yox idi”.
Onun sözlərinə görə, digər feyk xəbər ondan ibarət idi ki, Türkiyəni suriyalı müxalif döyüşçülərin Azərbaycana gətirilməsində ittiham edirdilər. Bununla bağlı da əldə heç bir dəlil yox idi:
“Azərbaycanın isə əlində kifayət qədər sübut var idi ki, erməniəsilli insanlar bölgəyə yerləşdirilirlər. Ermənistan beynəlxalq hüquqa əməl etsə idi, ərazilərdən çıxacağı vaxtın cədvəlini versə idi, bəlkə də o qədər itkiyə məruz qalmazdı. Lakin Ermənistan yanıldı.
Bu istiqamətdə Azərbaycan artıq yeni reallıq yaratmağı bacarıb. Həmin bu reallıq Cənubi Qafqazda sülhün və təhlükəsizliyin daimi olması istiqamətindədir”.
Zeynəb Rzayeva
















