Kreml axır ki, sükutu pozdu. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair açıqlama verib.
Onun sözlərinə görə, tərəflər yalnız ikitərəfli münasibətləri deyil, həm də regiondakı geosiyasi balansı nəzərə alaraq addımlar atmalıdır:
“Azərbaycan və Ermənistan sülh prosesində regional balansı nəzərə almalı və öz xarici siyasətlərini bu balansa uyğun formalaşdırmalıdır” .
Zaxarova Moskvanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlı olduğunu, bunun isə bütün tərəflərin qarşılıqlı hörmət və konstruktiv dialoqu əsasında mümkün ola biləcəyini qeyd edib. Maraqlıdır, Zaxarova “region balansı nəzərə almaq və xarici siyasəti balansa uyğun formalaşdırmaq” çağırışı ilə nəyə eyham vurur?
Sualımızı cavablandıran politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a bildirib ki, Rusiya Zəngəzur dəhlizinin açılmasına və Amerikanın prosesdə iştirakına qısqanclıqla yanaşır:
“Zaxarova açıq şəkildə bildirir ki, qonşu ölkələr nəzərə alınmalıdır. Söhbət Rusiya və İrandan gedir. Ancaq bu, Azərbaycan və Ermənistanın konstitusion hüququnun tamamilə pozulmasıdır. Beynəlxalq təcübəyə zidd addımdır. Ona görə ki Azərbaycan və Ermənistan Rusiya, İran və digər qonşu ölkələrin hüquqlarını tapdalamır”.
Müsahibimiz qeyd edib ki, bu dəhlizdə hansı dövlətin onlarla birlikdə iştirak etməsi Azərbaycan və Ermənistanın həll edəcəyi işdir. Məsələ də öz həllini tapıb:
“Azərbaycan və Ermənistan vahid şəkildə çıxış edərək, məsələni yoluna qoydular. Dəhliz Ermənistanın razılığı ilə 99 il müddətinə ABŞ şirkətinə icarəyə verildi. Bu, beynəlxalq hüquqla tənzimlənən məsələdir. Buna Azərbaycanın razılığı əsasında Ermənistan qərar verməli idi. Azərbaycan da bu məsələdə razılığını ifadə etdi”.
Zeynal Əmrəliyev: Zəngəzur dəhlizi bütün ölkələrin, əsas da qonşu ölkələrin xeyrinə olan layihədir
“Digər ölkələr də bu prosesdə iştirak edə bilərlərmi”sualına gəlincə, müsahibimiz vurğulayıb ki, hansı ölkə prosesə investisiya qoymaq istəyirsə, bu layihədən istifadə edə bilər:
“Bu, regional deyil, qlobal əhəmiyyətli layihədir. Bütün ölkələrin, əsas da qonşu ölkələrin xeyrinə olan layihədir. Onlar da bundan faydalana bilərlər”.
İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin “Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq” bəyanatına toxunan politoloq qeyd edib ki, İran mənasız açıqlama verməkdənsə, prosesdə iştirak edib, fayda götürmək barədə düşünməlidir:
“Çalışmaldırlar ki, ABŞ kimi supergücün iştirak etdiyi layihədə əsas ölkə olaraq, çıxş etsinlər. İnvestisiya yatıraraq, pul qazanmağa səy göstərməlidirlər. Rusiya indi müəyyən dərəcədə açıqlamalar verir, ancaq sonradan bu reallıqları qəbul edəcək”.
Aydın Baxış