Yol hərəkəti təhlükəsizliyi hər bir ölkədə ən önəmli mövzulardan biridir və sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi, qəzaların qarşısını almaqda əsas rol oynayır.
Azərbaycanda da yol hərəkəti qanunvericiliyində sürücülərin davranışlarına ciddi tələblər qoyulub. Xüsusilə, Yol hərəkəti qaydalarının 342.1.4-cü maddəsi sürücülərin sükanı idarə edərkən müəyyən təhlükəsizlik normalarına riayət etməsini tələb edir. Hüquqşünaslar və nəqliyyat ekspertləri, o cümlədən, dövlət yol polisi əməkdaşları bu qaydanın əsas mahiyyətini və onun təhlükəsizlik baxımından nə dərəcədə vacib olduğunu açıqlayır, eyni zamanda bunun cəmiyyətimizdə mövcud olan yol hərəkəti təhlükəsizliyi səviyyəsinə təsirlərini müzakirə edirlər.
Yol hərəkəti zamanı sürücülərin sükanı idarə edərkən qolunu çölə çıxarması nə dərəcədə təhlükəli hesab olunur və bu halın qanunvericilikdəki yeri nədir?
Rüstəm Əzimzadə: BDYPİ praktiki olaraq bu halları təhlükəsizlik riski kimi qiymətləndirir
Məsələ ilə bağlı hüquqşünas Rüstəm Əzimzadə Bakıvaxtı.az-a bildirib ki, Yol hərəkəti qaydalarının 342.1.4-cü maddəsinə əsasən, hərəkət zamanı sükanı buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək, eləcə də idarəetmə zamanı qolu çölə çıxarmaq qadağandır.
Onun sözlərinə görə, burada əsas problem idarəetmə zamanı avtomobilin pəncərəsinin açıq şəkildə idarə edilməsi deyil, idarəetmə zamanı sürücünün qolunu çölə çıxarmasının təhlükəsizlik baxımından risk daşımasıdır:
“Burada məqsəd, ilk növbədə, sürücünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir".
Həmsöhbətimiz əlavə edib ki, qanunvericilikdə müəyyən boşluqlar olsa da, Baş Dövlət Yol Polisi İdarəsi praktiki olaraq bu halları təhlükəsizlik riski kimi qiymətləndirir və 342.1.4-cü maddəyə əsasən tədbir görür.
Aslan Əsədov: Qəza halını artıran nə varsa qadağandır, ən ağır cərimə ilə təhkim olunur
Nəqliyyat eksperti Aslan Əsədov isə Bakıvaxtı.az-a açıqlaması zamanı diqqətə çatdırıb ki, məsələnin hüquqi aspektindən çox təhlükəsizlik aspektinə yanaşmaq lazımdır:
"İstər yay, istər qış vaxtı, nəqliyyat vasitələrinin idarə edilməsi çətinləşir, xüsusən yağışlı və qarlı havada. Burada sırf əlini çölə çıxarıb idarə etməkdən söhbət getmir. Bu zaman sükan mexanizmini idarə edən zaman əlini buraxmağa icazə verilmir".
Müsahibimizin dediyinə görə, cəmiyyətimiz nələrisə Avropa ilə müqayisə edirsə, bilmək lazımdır ki, onlarda belə şey yoxdur:
"Qəza halını artıran nə varsa qadağandır, ən ağır cərimə ilə təhkim olunur. Mən bunu sırf təhlükəsizliklə əlaqələndirirəm. Biz bu istiqamətdəki addımları dəstəkləməliyik, əks halda belə proseslər bizi geri atacaq".
Elvin Hacıyev: Sürücülərdən xahiş edirik ki, diqqətli olsunlar və yol hərəkəti qaydalarına birmənalı şəkildə riayət etsinlər
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev isə sürücülərə Bakıvaxtı.az vasitəsilə müraciət edərək bildirib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir. Onun sözlərinə görə, təəssüf ki, bəzi sürücülər hərəkət zamanı əlini pəncərədən çölə çıxarır ki, bu da idarəetməni çətinləşdirir və qəza riskini artırır.
“Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq üçün sürücülərdən xahiş edirik ki, diqqətli olsunlar və yol hərəkəti qaydalarına birmənalı şəkildə riayət etsinlər", - deyə Elvin Hacıyev əlavə edib.
Əli Hüseynov