Koronavirys, meymunçiçəyi viruslarına con qoyulmamış indi də Hindistanda "pomidor qripi” adlandırılan virus yayılıb. Keralada ştatında "pomidor qripi" aşkar edildikdən sonra onun sərhədlərində nəzarət gücləndirilib. Odişada ştatında 26 uşağa da “pomidor qripi” diaqnozu qoyulub.
Bu xəstəliyin əlamətləri hansılardır? “Pomidor qripi” Azərbaycana da gələ bilər? İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, bu xəstəlik hazırda Hindistanın bir bölgəsində endemik olaraq qeydə alınmaqdadır: “Xəstəlik 80-dən çox 5 yaşdan aşağı uşaqlarda qeydə alınıb. Əlamətləri dəridə səpki, qızartılar, qaşınmadır. Bunlardan əlavə qrip əlamətləri ilə də özünü göstərə bilir”.
Həkim deyir ki. hazırda müalicəsi üçün təstiqlənmiş bir preparat yoxdur, lakin bəzi preparatlar haqqında müəyyən araşdırmalar mövcuddur. Onun sözlərinə görə, əgər təstiqlənərsə, tədbiq oluna bilər: “Birbaşa virusun özünə qarşı olmasa da, xəstəliyin yaratdığı təsirlərə qarşı müalicə ilə xəstəliyi stabil saxlamaq olur. Əksər hallarda da xəstəlik öz özünə sağalır”.
İnfeksionist vurğulayıb ki, Azərbaycan üçün indiki dövrdə hər hansı təhlükədən söhbət gedə bilməz: “Hətta Hindistanın içərisində belə xəstəlik lokal olaraq mövcuddur. Bəzi ərazilərdə yayılsa da, məlumdur ki, həmin şəxslər xəstəlik yayılan bölgəyə səyahət ediblər. Yəni, bu o deməkdir ki, bu xəstəlik hazırda Hindistan daxilində endemik olaraq mövcuddur. Belə xəstəliklər dünyanın çox yerində var, lakin bunlar hər zaman epidemiyaya çevrilmir”.
N.Əzimli hesab edir ki, indi belə bir halın qeydə alınması, bu xəbərlərin sürətlə yayılmasının səbəbi yaxın müddətdə pandemiya görməyimiz, media və insanların belə məsələlərə çox həssas yanaşması ilə bağlıdır. Müsahibimiz bildirib ki, bir xəbər yayılan kimi hər kəs yeni pandemiya olacağını düşünür və bu xəbərlər qısa müddətdə tirajlanır. Nəticədə, insanlarda bununla bağlı panika yaranır, amma qətiyyən buna ehtiyac yoxdur.
“Təbii ki, hər zaman bir törədicinin mutasiya keçirərək yeni bir epidemiya və ya pandemiya törətmək ehtimalı mövcuddur, ancaq bu ehtimal hər bir xəstəliklə bağlı çox yüksək deyil”, - deyə Nican Əzimli vurğulayıb.
Aytac Aslan
Bakı 




