Baş Prokurorluq qəsdən adam öldürməyə görə məhkum olunan şəxsə bəraət verilməsi məsələsinə münasibət bildirib.
Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Şəki Apellyasiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən İsmayılov Polad Şəmsəddin oğluna bəraət verilməsinə dair məlumatlar yayılıb.
Qeyd olunub ki, Zaqatala rayon sakini Əyyubova Seyran Şakir qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar 24.02.2011-ci il tarixdə Zaqatala rayon prokurorluğunda cinayət işi başlanmış və cinayət işi üzrə istintaq zamanı əldə edilmiş sübutlar əsasında 27.02.2020-ci il tarixdə Polad İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəməyə göndərilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin 09.04.2021-ci il tarixli hökmü ilə Polad İsmayılov həmin maddə ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsinin 10.02.2022-ci il tarixli qərarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvəsində saxlanılıb.
Ali Məhkəmənin 25.04.2023-cü il tarixli qərarı ilə müdafiə tərəfinin kassasiya şikayəti qismən təmin edilib cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 28.12.2023-cü il tarixli hökmü ilə Polad İsmayılova təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilib.
Müvafiq hökm prokurorluğa daxil olduqdan sonra cinayət işi üzrə ittihamedici və bəraətverici sübutlar bir daha təhlil olunaraq qiymətləndirilməklə kassasiya protestinin verilib-verilməməsi barədə obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.
Baş Prokurorluq kütləvi informasiya vasitələrinə həmin müddət ərzində bu kimi həssas məsələlərlə əlaqədar məlumatların yayılması zamanı diqqətli olmaq, habelə cinayət işi üzrə zərərçəkmiş tərəfin hüquqlarına hörmətlə yanaşılmasını tövsiyə edib.
***
28 dekabr 13:21
Kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilmiş Polad İsmayılova bəraət verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şəki Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Rövşən Rəfiyevin sədrlik etdiyi hakimlər heyəti müttəhimin cinayəti törətməsinə əsas verən yetərli sübutlar olmadığı qənaətinə gəlib.
Həmçinin müdafiə tərəfinin-vəkil Zabil Qəhrəmanovun ortaya qoyduğu sübutlar məhkəmə üçün yetərli olub. Məsələn: zərərçəkmiş Seyran Əyyubova öldürülən vaxt hadisə yerindən başqa şəxsə məxsus 3-cü qrup qan nümunəsi tapılıb. Vəkilin sözlərinə görə, ekspert isə ovaxtkı rəyində göstərib ki, Polad İsmayılovun qanı ilə həmin qan eyni şəxsə məxsusdur. Əsas ziddiyyət də burdadır. Çünki, P.İsmayılovun qanı 1-ci qrupdur.
Qərara əsasən 50 yaşlı P.İsmayılova bəraət verilib. O, 3 il 10 ay sonra məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Zaqatala rayon sakini, 61 yaşlı Əyyubova Seyran Şakir qızı 2011-ci ilin fevralında yaşadığı evdə öldürülüb. Faktla bağlı başlanan cinayət işinin üstü 9 il sonra açılıb. İttihama görə, mərhum S. Əyubovanı yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla qətlə yetirib.
İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib, 2 il əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Sonradan Ali Məhkəmə qərarı ləğv edib, işi yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarıb.
















