Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, ənənəvi musiqi bayramı bu il milli bəstəkarlıq məktəbinin banisi, ilk milli opera və operettanın müəllifi, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885–1948) 140 illik yubileyi ilə əlamətdardır. Qeyd edək ki, Prezident İlham Əliyev 3 fevral 2025-ci ildə dahi bəstəkarın yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin ICESCO-nun dəstəyi ilə təşkil olunan festivalda Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və digər ölkələrdən tanınmış ifaçılar, kollektivlər və musiqişünaslar iştirak edir.
Sentyabrın 18-də Heydər Əliyev Sarayında festivalın rəsmi açılışı münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını təqdim edib. Tamaşanı dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri və operasevərlər izləyiblər.
Əməkdar artist Nicat Kazımovun quruluşunda səhnələşdirilən ikipərdəli, 6 şəkilli tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyevdir. Səhnə əsərinin dekorasiyaları üzrə rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, kostyumların müəllifi Leyla Əliyeva, xormeysteri isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Baş rolları Əməkdar artistlər Arzu Əliyeva (Leyli), Təyyar Bayramov (İbn Salam), Cahangir Qurbanov (Nofəl), həmçinin Xəyal Hüseynov (Məcnun), Taleh Yahyayev (Leylinin atası), Aytən Məhərrəmova (Leylinin anası), Mütəllim Dəmirov (Məcnunun atası), Afaq Ağayeva (Məcnunun anası) və digər sənətçilər ifa ediblər.
Üzeyir Hacıbəylinin eyniadlı əsər əsasında 1908-ci ildə yazdığı və dünya opera tarixində ilk milli opera sayılan “Leyli və Məcnun” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Nümayişin sonunda yaradıcı heyət uzun sürən alqışlarla səhnəyə dəvət olunub.
Qeyd edək ki, festival tarixində ilk dəfə olaraq builki tədbirlər yalnız paytaxtda deyil, həm də ölkənin 10-dan çox şəhər və rayonunda keçiriləcək. Bəstəkarın əsərlərinə həsr olunmuş konsertlər və müxtəlif mədəni proqramlar təşkil ediləcək.