“Ölkədə qiymət artımının qısa müddət ərzində qarşısını kəsə, inflyasiyanı azalda biləcək yeganə addım vergi və rüsumların azaldılmasıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, artıq iki aya yaxındır ki, REAL ərzaq məhsulları və dərmanlarda ƏDV-nin 18%-dən 2%-ə endirilməsini təklif edib, lakin nəticə yoxdur:
“Təklif, əslində çox sadədə və effektivdir. Bu gün əhalinin 80%-ə yaxını ərzağı şəbəkə marketlərdən alır. Onlar da ƏDV ödəyicisidir. Ona görə də bu gün istənilən vətəndaş 100 manatlıq ərzaq ala, 118 manat ödəməyə məcbur olur. Biz deyirik ki, vətəndaş 100 manatlıq ərzaq alanda, buna 2 manat ƏDV ödəsin. Yerdə qalan 16 manatını da başqa dərdinə-sərinə xərcləsin”.
N.Cəfərli bildirib ki, ölkənin bir nömrəli gündəmi inflyasiya və qiymət artımı, bununla mübarizə üçün atılacaq addımlar, təkliflər olmalıdır:
“Amma görünən odur ki, ictimai-siyasi gündəmi şouya, təhqiri-söyüşü əsas alətə çevirməkdə maraqlı qüvvələr çoxdur. Siyasətdə, ictimai fəaliyyətdə şou elementləri ola bilər, amma daimi şou göstərib bunu siyasət kimi təqdim etmək mənasız və ziyanlı fəaliyyətdir...”
Nuranə Daxilqızı


jpg-1661344539.jpg)













