Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə şahidlərin dindirilməsi davam edib.
Şahidlərdən Namiq Hüseynov ifadə verərək bildirib ki, Gündüz Abbasovu tanıyır.
Onun sözlərinə görə, dostu Ruslan Çobanov ona müraciət edərək bacısı qızına imtahanda köməklik etməsi üçün xahiş edib. Bundan sonra o, Gəncədə hazırlıq müəllimi kimi tanıdığı G.Abbasova məlumat verib.
O, da 45 min dollar (təxminən 77 min AZN) qarşılığında kömək edə biləcəyini bildirib. Nəticədə həmin məbləğ N.Hüseynov tərəfindən G. Abbasova təqdim edilib.
Prosesdə hakim ona ibtidai istintaqa verdiyi ifadəni xatırladıb. Məlum olub ki, məbləğin ümumilikdə 110 min dollar (təxminən 187 min AZN) olması və hissə-hissə ödənilməsi nəzərdə tutulub.
Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndəsi məhkəməyə çağrılmayan şahidlərin də dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim növbəti prosesdə bu vəsatətə hüquqi qiymət veriləcəyini qeyd edib.
Növbəti məhkəmə prosesi 30 aprel saat 16:30-a təyin edilib.
Bakı 




